“Prezident İlham Əliyev televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin qorunması və inkişafı məsələsinə xüsusi diqqət ayıraraq, dilin milli kimliyin əsas daşıyıcısı olduğunu vurğulayıb”. Bu sözləri SİA- ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.Onun sözlərinə görə, dövlət başçısı bu məsələni sadəcə linqvistik problem kimi deyil, milli təhlükəsizlik və dövlətçilik məsələsi kimi qiymətləndirib:“Prezident çıxışında Azərbaycan xalqının tarixinə müraciət edərək, əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamağın çətinliklərini xatırladıb: "Əsrlər boyu müstəqillik eşqi ilə yaşamış xalqıq, əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir."
Dövlət başçısı qeyd edib ki, qədim dövrlərdə, Rusiya və Fars imperiyaları, həmçinin Sovet İttifaqı dövründə Azərbaycan xalqı müstəmləkəçilik şəraitində yaşasa da, öz dilini qorumağı bacardı. Bu, xalqın böyüklüyünün göstəricisidir.Cənab İlham Əliyev dilin millət üçün təyin edici əhəmiyyətini belə ifadə edib: "Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir."
Prezident Azərbaycan dilinin zənginliyini və melodikliyini vurğulayaraq bildirdi ki, bu dildə istənilən fikri ifadə etmək, istənilən şeiri yazmaq mümkündür. O, bir çox xarici həmkarlarından da Azərbaycan dilinin gözəlliyi barədə müsbət rəylər eşitdiyini qeyd edib.Dövlət başçısı xarici kəlmələrin dilə daxil olmasının təhlükələri barədə ciddi xəbərdarlıq edib: "Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir."
Prezident İlham Əliyev çoxdilliyin tərəfdarı olduğunu bildirməklə yanaşı, vurğuladı ki, xarici dillər lazım olan hallarda istifadə edilməli, ana dili isə qorunmalıdır. O, xarici kəlmələrin dilin pozulmasına gətirib çıxardığını və bunun damcı-damcı milli kimliyi sarsıtdığını bildirib.Dövlət başçısı dil məsələsini dövlətçiliyin mövcudluğu ilə birbaşa əlaqələndirərək, ciddi xəbərdarlıq edib: "Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər."
Bu səbəbdən prezident Azərbaycan dilini qorumağı hər bir vətəndaşın vəzifəsi hesab edir və hamını bu mübarizəyə dəvət edib.Prezident İlham Əliyev qeyd edib ki, müasir dövrdə qapalı məkanda yaşamaq mümkün deyil. İnternet resursları, sosial şəbəkələr və beynəlxalq təmaslar vasitəsilə xarici kəlmələr daxil olur və tədricən istifadəyə gəlir. Buna görə də dili qorumaq üçün məqsədyönlü mübarizə aparılmalıdır.Prezident bildirdi ki, dünyada 50 milyon azərbaycanlı yaşayır, lakin ədəbi dili qoruyan və təşviq edən Azərbaycan dövlətidir. Dövlət başçısı xaricdə yaşayan azərbaycanlıların da Azərbaycan dilini təkcə məişət səviyyəsində deyil, mükəmməl bilməsini istədiyini vurğuladı.Cənab İlham Əliyev bildirdi ki, bəzi ölkələrdə Azərbaycan məktəblərinin olmamasını böyük ədalətsizlik hesab edir və bu vəziyyətə son qoyulmalıdır. Prezidentin göstərişi ilə onlayn Azərbaycan dili məktəbləri açılır və bunların sayının artırılması planlaşdırılır.
"Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər. Çünki üçüncü-dördüncü nəsil azərbaycanlıların uşaqlarının artıq bəziləri ana dilini bilmirlər," - deyə dövlət başçısı qeyd edib.Prezident xüsusilə jurnalistlərin məsuliyyətini vurğulayıb: "Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər."
Dövlət başçısı həmçinin şair, yazıçı və ziyalıları da bu məsələdə fəal mövqe tutmağa çağırıb və onların da bu prosesdə rol oynamasının vacibliyini qeyd edib.Cənab İlham Əliyev çıxışını belə yekunlaşdırıb: "Dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq."
Prezidentin bu çıxışı Azərbaycan dilinin qorunması və inkişafı üçün kompleks yanaşmanın zəruriliyini göstərir. Dövlət başçısı bu məsələni sadəcə dil problemi kimi deyil, milli təhlükəsizlik, dövlətçilik və gələcək nəsillərin milli kimliyi ilə bağlı strateji məsələ kimi qiymətləndirir və bütün cəmiyyəti bu istiqamətdə səfərbər olmağa çağırır”.
Müəllif: Günay Hacıyeva