PDF Oxu

Siyasət

  • 1 233

"Bu, yerli özünüidarəetmənin inkişafına töhfə verir" -ŞƏRH EDİLDİ

image

"Operativ və çevik idarəetmə regionlarda yaranan sosial, iqtisadi və infrastruktur problemlərinə vaxtında müdaxilə etməyə imkan verir. Bu da problemlərin dərinləşməsinin qarşısını alır. Eyni zamanda regional potensialın üzə çıxarılması baxımından da bu cür idarəetmə effektivdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.Onun sözlərinə görə, çünki hər regionun özünəməxsus iqtisadi, coğrafi və sosial xüsusiyyətləri nəzərə alınır: "Həmçinin çevik idarəetmə yeni ideyaların tez sınaqdan keçirilməsinə imkan yaradır, uğurlu layihələr genişləndirilir. Nəticə etibarı ilə infrastrukturun yaxşılaşdırılması, məşğulluğun artması və sosial xidmətlərin keyfiyyətinin yüksəlməsi regionlarda məskunlaşan əhalinin həyat səviyyəsini artırır. Qısa müddətli nəticələrlə yanaşı, uzunmüddətli planlar çevik şəkildə icra olunur və regionların davamlı inkişafı təmin edilir.

Bu xüsusda Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan operativ və çevik idarəetmə modeli nümunə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də bildirdi ki, bu model ölkənin digər regionlarında da tətbiq oluna bilər. Bu isə klassik modeldən funksional idarəetməyə keçid deməkdir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan model əsasən vahid koordinasiya mərkəzi, layihəəsaslı idarəetmə və funksional səlahiyyət bölgüsü üzərində qurulub. Bu isə ərazi idarəçiliyinin “inzibati” yox, “inkişaf və bərpa” məntiqi ilə təşkilidir. Prezidentə birbaşa tabe olan xüsusi idarəetmə institutları mərkəzi icra orqanları ilə birbaşa əlaqəni təmin edir, kollektiv qərarsızlıq riskini azaldır. Beləliklə, regional səviyyədə daha az sayda, lakin daha səlahiyyətli idarəetmə subyektlərinin formalaşmasına, icra hakimiyyətlərinin status və funksiyalarının yenidən baxılmasına zəmin yaradır. Yeni model operativlik nöqteyi-nəzərindən də effekticdir. Belə ki, infrastruktur, investisiya, təhlükəsizlik və bərpa layihələrində dövlətin proaktiv davranış modelini gücləndirir. Nəticə etibarı ilə dövlət idarəçiliyində səmərəlilik prioritetə çevrilir.
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur modeli postmünaqişə reallıqlarına uyğun idarəetmə mexanizmi olmaqla yanaşı idarəetmənin daha çevik, qərarların isə daha sürətli və məsuliyyətli qəbul edildiyi yeni institusional mərhələyə keçiddir. Cənab Prezident hər zaman bəyan edir ki, heç bir məmur öz səlahiyyətindən sui-istifadə edib vətəndaşların hüquqlarını pozmamalıdır. Xüsusilə icra başçıları onlara göstərilən etimadı doğrultmalıdır.
Yerli özünüidarəetmə orqanlarında dürüst xidmət ictimai etimadın yaradılması, effektiv idarəetmənin təmin edilməsi və yerli əhalinin maraqlarının qorunması baxımından vacibdir. Bu, yerli özünüidarəetmənin inkişafına töhfə verir.
Cənab Prezidentin də tələbi bundan ibarətdir ki, bölgələrə rəhbər vəzifəyə təyin olunan şəxslər üçün əsas iş prinsipləri ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır. Heç bir qanunsuz hərəkət isə nəticəsiz qalmayacaq".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər