PDF Oxu

Siyasət

  • 1 510

"Prezident İlham Əliyevin 907-ci düzəlişlə bağlı mövqeyi xüsusi əhəmiyyət daşıyır" -POLİTOLOQ ŞƏRH ETDİ

image

"ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri Vaşinqton-Bakı münasibətlərində uzun müddətdir müşahidə olunan yeni siyasi paradiqmanın davam etdirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Bu səfər yalnız diplomatik protokol çərçivəsində baş tutan təmas deyil, eyni zamanda ABŞ-ın Cənubi Qafqaz siyasətində yaranmış strateji boşluğun və dəyişən geosiyasi reallıqların fonunda atılmış məqsədli addımdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.Onun sözlərinə görə, xüsusilə Prezident İlham Əliyevin 907-ci düzəlişlə bağlı səsləndirdiyi fikirlər bu səfəri sıradan diplomatik hadisə olmaqdan çıxararaq, Vaşinqton-Bakı xəttində siyasi dinamikanın istiqamətini müəyyən edə biləcək məqam kimi önə çıxarır: "Ümimiyyətlə isə son illər ABŞ-Azərbaycan münasibətləri əsasən enerji təhlükəsizliyi, regional nəqliyyat-kommunikasiya xətləri və təhlükəsizlik məsələləri üzərindən praqmatik müstəvidə davam etsə də, siyasi etimad səviyyəsi isə xüsusilə yeni kabinet dövründə nəzərəçarpacaq dərəcədə artıb. Təbii ki, Azərbaycan gündəliyində bunu la bağlı ABŞ-dan mühüm gözləntiləri var. Bu kontekstdə Prezident İlham Əliyevin 907-ci düzəlişlə bağlı mövqeyi xüsusi əhəmiyyət daşıyır. 1990-cı illərin münaqişə reallıqları əsasında qəbul edilmiş bu düzəliş faktiki olaraq postmünaqişə dövrünün siyasi və hüquqi çərçivələri ilə uzlaşmır. Prezidentin bu məsələni açıq və birbaşa formada gündəmə gətirməsi ABŞ-a ünvanlanan aydın siyasi mesajdır: Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin təminində açar aktor olduğu halda, ona qarşı diskriminativ mexanizmlərin saxlanılması strateji tərəfdaşlıq ritorikası ilə ziddiyyət təşkil edir. Bu çıxış Vaşinqtonun ikili standartlara əsaslanan yanaşmasının açıq şəkildə sual altına alınması kimi oxunmalıdır.

ABŞ nümayəndə heyətinin səfəri eyni zamanda Vaşinqtonun Cənubi Qafqaz siyasətində yenidən tənzimləmə axtarışının göstəricisidir. Ukrayna müharibəsi fonunda Rusiya ilə qarşıdurma, Yaxın Şərqdə artan gərginlik və Çinlə strateji rəqabət ABŞ-ı regionlarda daha çevik və praqmatik siyasət yürütməyə məcbur edir. Bu mənzərədə Cənubi Qafqazda siyasi təsirin zəifləməsi ABŞ üçün ciddi risk kimi qiymətləndirilir. Azərbaycan isə nəinki regionun əsas siyasi aktoru, həm də Avropanın enerji təhlükəsizliyində, Orta Dəhlizin funksionallaşmasında və geosiyasi balansın qorunmasında mühüm rol oynayan ölkədir. Bu baxımdan Bakı ilə birbaşa və daha institusional dialoq formatının formalaşdırılması ABŞ üçün zərurətə çevrilir.
Perspektivdə bu səfərin nəticəsi olaraq Vaşinqton–Bakı münasibətlərində daha konstruktiv xəttin üstün olması, qarşılıqlı münasibətlərdə etimada əsaslanma və rasional yanaşmanın güclənməsi müşahidə oluna bilər. 907-ci düzəlişin tam ləğvi isə, ABŞ bu istiqamətdəki məramının ciddi olmasından xəbər verir.
Uzunmüddətli perspektivdə isə bu proses ABŞ-ın Cənubi Qafqazda dəyər mərkəzli yanaşmadan maraqlar balansına əsaslanan siyasətə keçidinin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu, Azərbaycanın çoxvektorlu xarici siyasətinin faktiki olaraq qəbul edilməsi və regionda geosiyasi oyun qaydalarının getdikcə daha çox yerli aktorlar tərəfindən müəyyən olunması anlamına gəlir. Beləliklə, ABŞ nümayəndə heyətinin Bakıya səfəri Vaşinqton–Bakı münasibətlərində ya realist yenilənmə mərhələsinin başlanğıcı, ya da mövcud hüquqi və texniki cəhətdən narazılıq yaradan məqamların üstündən xətt çəkilərək tarixə qovuşması kimi qiymətləndirilə bilər".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər