PDF Oxu

Siyasət

  • 2 113

Azərbaycanın dayanıqlı və güclü gələcəyin təminatı: elm, təhsil və ana dilimiz

image

Müasir dünyada dövlətlərin gücü təkcə iqtisadi resursları və hərbi potensialı ilə deyil, eyni zamanda elm, təhsil və milli-mənəvi dəyərlərə verdiyi önəmlə ölçülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibə ölkəmizin qarşıdakı inkişaf strategiyasının əsas istiqamətlərini bir daha təsdiqlədi. Bu müsahibədə dövlət başçısı iqtisadi, siyasi və sosial sahələrlə yanaşı, ölkəmizin gələcəyi üçün həyati əhəmiyyət daşıyan elm və təhsil sahəsində gedən islahatlar və Azərbaycan dilinin qorunması məsələləri barədə də geniş fikir bildirdi.

Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın dayanıqlı və uzunmüddətli inkişafı məhz bu sahələrin harmonik şəkildə inkişafından asılıdır. Xüsusilə elm və təhsilin müasirləşdirilməsi ilə yanaşı, Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Prezidentin bu müsahibəsi yalnız cari dövrün məsələlərini şərh etməklə məhdudlaşmır – Azərbaycanın gələcəyinə strategiya baxışı təqdim edir. Bu baxışda elm, təhsil və ana dilinin qorunması üç ən vacib sütun kimi önə çıxır.

Müsahibədə Prezident cənab İlham Əliyev qeyd etdi ki, ölkədə elm və təhsil sahəsində struktur islahatları aparılır və bu iki sahənin daha da inteqrasiya olunması vacibdir. Dövlət siyasətində elm və təhsilin ayrılmaz hissə olması yalnız təcrübi biliklərin deyil, mütəxəssis kadrların hazırlanması sisteminin yenidən qurulması deməkdir. Müasir dünyada rəqabətə davamlı olmaq üçün yüksək ixtisaslı kadrların hazırlanması, elmi araşdırmaların stimullaşdırılması və innovativ düşüncənin formalaşdırılması zəruridir. Bu baxımdan son illərdə Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi, məktəblərin və ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində mühüm addımlar atılmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyev bildirib ki, inkişaf etmiş ölkələrdə elm və təhsil bir yerdə vəhdət təşkil edir, bunun nəticəsində yüksək texnologiyalı sənayelər, innovativ startaplar və rəqabətqabiliyyətli iqtisadiyyat yaranır. Biz də bu modeli Azərbaycan üçün seçmişik. Bu isə yalnız məktəblərdə və universitetlərdə yaxşı təhsil almaq deyil, eyni zamanda elmi tədqiqatların gücləndirilməsi ilə milli potensialın artırılması deməkdir. Prezident müsahibəsində bildirdi ki, elmi-tədqiqat institutları modernləşdirilir və bir-biri ilə əlaqələndirilir daha müasir və dinamik kadrlar önə çəkilir. Bu, yalnız idarəetmə strukturunun dəyişməsi deyil, həm də elm və təhsilə investisiyaların artırılması ilə nəticələnməlidir.

Paralel olaraq, ölkə Prezidentinin dəfələrlə vurğuladığı kimi, təhsil yalnız bilik ötürülməsi deyil, həm də vətənpərvər, milli kimliyinə bağlı, dünyagörüşü geniş gənclərin formalaşdırılması prosesidir. Elmə əsaslanan iqtisadiyyatın qurulması, rəqəmsal texnologiyaların tətbiqi, süni intellekt və innovasiya sahələrində irəliləyiş məhz savadlı və hazırlıqlı gənclərin hesabına mümkün ola bilər.

Dövlət başçımız müsahibəsində bildirdiyi kimi, yalnız təhsilin miqdarı ilə deyil, təhsilin keyfiyyəti ilə də maraqlanmalıyıq. Bu özünü müəllim hazırlığında, dərsliklərin səviyyəsində, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasında göstərməlidir. Belə bir yanaşma ölkənin gələcək nəslinin rəqabətə davamlı olmasını təmin edəcək və hər bir gəncin yalnız bilikli deyil, həm də düşünən, tənqidi analiz qabiliyyətinə malik bir şəxs kimi yetişməsinə şərait yaradacaq.

Elmin inkişafı beynəlxalq əməkdaşlıq tələb etsə də, bu proses milli maraqlara uyğun şəkildə həyata keçirilməlidir. Prezidentin müsahibələrində qeyd edildiyi kimi, Azərbaycan alimləri dünya elmi məkanına inteqrasiya etməli, lakin eyni zamanda ölkənin prioritet problemlərinin həllinə yönəlmiş tədqiqatlara üstünlük verməlidirlər. Enerji təhlükəsizliyi, ekologiya, kənd təsərrüfatı, informasiya texnologiyaları və humanitar elmlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Humanitar elmlərin, xüsusilə dilçilik, tarix və ədəbiyyat sahələrinin inkişafı milli kimliyin qorunmasında mühüm rol oynayır. Bu sahələrdə aparılan elmi tədqiqatlar xalqın keçmişini, mədəniyyətini və mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək baxımından əvəzsizdir.

Dil məsələsinə də toxunan Ölkə Prezidenti bildirib ki, Azərbaycan dilinin qorunması – milli varlığımızın əsasıdır. Ana dili hər bir xalqın milli varlığının, mədəni irsinin və mənəvi dəyərlərinin daşıyıcısıdır. Dilini itirən xalq öz kimliyini də itirmək təhlükəsi ilə üz-üzə qalır. Buna görə də Azərbaycan dilinin saflığının qorunması, onun dövlət idarəçiliyində, təhsildə, elmdə və kütləvi informasiya vasitələrində düzgün və səlis şəkildə işlədilməsi son dərəcə vacibdir. Qloballaşma və xarici dillərin təsirinin artdığı bir dövrdə ana dilinə biganə yanaşma yolverilməzdir. Xarici dillərin öyrənilməsi zəruridir, lakin bu, ana dilinin hesabına olmamalıdır. Gənclər bir neçə dil bilməli, lakin hər şeydən əvvəl Azərbaycan dilində düzgün danışmalı, yazmalı və düşünməlidirlər.

Dövlət başçımız qeyd etdi ki, əgər bir xalq öz dilini qoruyub saxlayıbsa və bunu nəsillər boyu edibdirsə, bu – böyük nailiyyətdir. Ancaq bugünkü dünyada ana dili qorumaq yalnız keçmişin irsini yaşatmaq deyil, həm də gələcəyə toxunmaqdır.

Nəticə etibarilə, cənab Prezidentin mətbuata verdiyi müsahibələrdə səsləndirdiyi fikirlər göstərir ki, elm, təhsil və Azərbaycan dilinin qorunması bir-biri ilə sıx bağlı olan strateji istiqamətlərdir. Güclü dövlət qurmaq üçün savadlı gənclər, inkişaf etmiş elm və möhkəm milli-mənəvi dəyərlər zəruridir. Azərbaycan dili isə bu dəyərlərin mərkəzində dayanır. Hər bir vətəndaş, xüsusilə gənclər ana dilinə hörmət etməli, onu qorumalı və inkişaf etdirməlidir. Çünki dilimizi qorumaq – tariximizi, mədəniyyətimizi və gələcəyimizi qorumaq deməkdir.

Dövlətimizin başçısının yanvarın 5-də verdiyi müsahibə bir daha təsdiqlədi ki, Azərbaycan üçün elm, təhsil və ana dilinin qorunması yalnız ayrı-ayrı sahələr deyil, milli inkişaf strategiyasının üç əsas sütunudur. Bu üç istiqamət birlikdə Azərbaycan üçün dayanıqlı və güclü gələcəyin təminatıdır.

Şahmar Həsənov,

Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru

Digər xəbərlər