Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verib. Ənənəvi hal almış bu illik müsahibə zamanı dövlət başçısı 2025-ci ilin yekunlarına dair fikirlərini bölüşüb, həmçinin qarşıdakı dövr üçün prioritetləri dəyərləndirib. Prezident İlham Əliyevin 2026-cı ilin ilk günlərində yerli televiziya kanallarına, Azərbaycan mediasının nümayəndələrinə geniş müsahibə verməsi olduqca dəyərli bir ənənəyə çevrilib. Ötən ilə yekun vurmaq, yeni başlanan il üçün nəzərdə tutulanlar barədə fikir bölüşmək baxımından cənab Prezidentin bu müsahibələri xüsusi məna, müstəsna əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev yanvarın 5-də verdiyi müsahibəsində bir sıra mühüm məsələlərə toxunub. Dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti öz müsahibəsində ABŞ ilə münasibətlərlə yanaşı şərqdəki strateji tərəfdaşımız olan Çin Xalq Respublikası ilə olan əlaqələrə də geniş yer ayıraraq bu əlaqələri yeksək qiymətləndirib. Qeyd edilib ki, keçən il Prezident İlham Əliyevin Çinə səfəri zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb və bu da çox böyük uğurdur. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər.
Müsahibədə Prezidentin açıqlamalarından aydın olur ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin qarşılıqlı tanınması prosesi prinsip etibarilə razılaşdırılıb. Xüsusilə, Zəngəzur dəhlizi adlandırılan nəqliyyat marşrutunun açılması üzrə də konsensus əldə olunub.
Prezident İlham Əliyev bildirir ki, Azərbaycanı ölkənin eksklavı olan Naxçıvanla birləşdirəcək bu bağlantı artıq ABŞ Prezidenti tərəfindən siyasi səviyyədə dəstəklənib.Bu dəhlizin reallaşması ilə Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında birbaşa yol yaranacaq və eyni zamanda regionda yeni tranzit imkanları açılacaq. Prezidant İlham Əliyev hesab edir ki, Ermənistan bu razılaşmadan geri çəkilməyəcək, çünki belə bir addım “özünəqəsd kimi” dəyərləndirilə bilər.
Prezident İlham Əliyev müsahibədə dövlətin sosial siyasətini daim prioritet saxladığını bildirib. Ötən dövrdə əldə olunan iqtisadi uğurlar ilk növbədə əhalinin gəlirlərinin artımına yönəldilib. Son 20 ilin göstəricilərinə əsasən, Azərbaycanda minimum əməkhaqqı 40 dəfədən çox artıb. Neft-qaz layihələrindən və iqtisadi islahatlardan əldə olunan gəlirlər əsasən sosial sektora yönləndirilib. 2018-ci ildən bəri hökumət 5 böyük sosial islahat paketi həyata keçirib ki, bunların təsiri 4 milyon nəfər vətəndaşı əhatə edib. Təkcə 2025-ci il ərzində dövlət büdcəsindən sosial tədbirlərə 1,4 milyard manat ayrılıb.
Müsahibədə azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası ən önəmli mövzulardan biri kimi önə çıxıb. Cənab Prezident qeyd edib ki, işğaldan azad olunan ərazilərin yenidən qurulması dövlətin ən prioritet istiqamətlərindəndir. Əhalinin geri qayıdışı prosesinə gəlincə, Prezident “Böyük Qayıdış” Dövlət Proqramının gedişindən məmnun olduğunu ifadə edib.
Müsahibənin mühüm hissəsi Azərbaycanının xarici siyasət prioritetlərinə həsr olunub. Prezident İlham Əliyev 2025-ci ili Azərbaycan-ABŞ münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirir. O, açıq şəkildə bildirir ki, ABŞ-dəki yeni administrasiya regiona praqmatik yanaşma sərgiləyir və Azərbaycanla münasibətləri strateji səviyyəyə qaldırmağa maraqlıdır. Türkiyə ilə əlaqələr barədə danışan dövlət başçısı xatırladır ki, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi sayəsində Ankara-Bakı münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəlib.
Cənab Prezident, eyni zamanda, bütün türk dövlətlərini də təhlükəsizlik müstəvisində daha sıx əməkdaşlığa dəvət etdiyini qeyd edib. Onun fikrincə, Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi-siyasi koordinasiya regionda sabitliyə əlavə töhfə verə bilər. Azərbaycan post-müharibə dövründə çoxvektorlu xarici siyasət yürüdür: bir tərəfdən ABŞ və Qərblə strateji tərəfdaşlığı gücləndirir, digər tərəfdən isə Türkiyə, Rusiya, İran kimi regional güclərlə praqmatik əməkdaşlığı dərinləşdirir. Dövlətimizin başçısı beynəlxalq arenada yaranmış yeni vəziyyətdə ölkə üçün böyük perspektivlər gördüyünü bildirir. Prezident İlham Əliyev işgüzar dairələr, səyahət və turizm imkanları baxımından da tamamilə yeni bir mərhələnin başlandığını söyləyib. Onun fikrincə, indiki məqsəd bu imkanları reallaşdırmaqdır.
Sonda dövlət başçısı qeyd edib ki, bu Qələbə Azərbaycan xalqının iradəsinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətinin təzahürüdür. Azərbaycan hər zaman ayıq-sayıq olmalı, güclü olmalı və öz torpaqlarını qorumağa hazır vəziyyətdə qalmalıdır və əminliklə bildirib ki, bundan sonra heç vaxt bir qarış Azərbaycan torpağı heç kimin tapdağı altına düşməyəcək.
Natiq Allahverdiyev
YAP Qax rayon təşkilatının sədri