PDF Oxu

Siyasət

  • 3 282

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz mühüm nailiyyətlər qazanır

image

Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi olaraq bu ilin əvvəlində yerli televiziyalara müsahibə verərək, 2025-ci ilin yekunlarından danışdı, qazanılan uğurların tarixi əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı müsahibəsində ölkəmizin mövcud iqtisadi vəziyyəti, maliyyə dayanıqlığı, iri infrastruktur layihələrinin maliyyələşdirilməsi və qarşıdakı dövr üçün iqtisadi prioritetlərinə nəzər saldı. Uzunmüddətli, düşünülmüş siyasətin nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı dinamik inkişafını təmin edir, ölkəmiz heç bir xarici maliyyə dəstəyindən, kreditlərdən və ya beynəlxalq təsisatların yardımından asılı deyil. Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcu 16–17 dəfə üstələyir və istənilən vaxt borcun tam ödənilməsi üçün kifayət qədər maliyyə imkanları mövcuddur. Prezidentin verdiyi müsahibə bir daha göstərdi ki, o, ölkədə baş verən hadisələrə yaxından və hərtərəfli şəkildə bələddir. İctimaiyyəti maraqlandıran məsələlər barədə dolğun məlumat verən, yeni dövrün tələblərinə uyğun yaranmış problemlərdən çıxış üçün adekvat həll yolları göstərən dövlət başçısının müsahibəsini həm də ölkəmizin qarşısında duran gələcək çağırışlar üçün strateji yol xəritəsi də adlandırmaq olar: “Artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma eyni zamanda yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.

Yerli televiziya kanallarına müsahibəsində dövlət başçısı ölkəmiz adına əldə olunan tarixi uğurlardan da bəhs edərək, Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın birnömrəli ofisində siyasi möhür vurduğunu deməsi də bunun təsdiqi idi: “Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq”.

Ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycanın bu qələbəsini qlobal arenada siyasi müstəvidə qəbul etdirməsinin özü ölkəmizin taleyində tamamilə yeni tarixin başlanğıcı kimi dəyərləndirilməlidir. Bu ölçüyəgəlməz miqyaslı qələbənin qazanılmasında Prezident İlham Əliyevin şəxsi səyləri dayanır. Ötən il 8 avqust tarixində Vaşinqton Sammitində sülh sazişi mətninin paraflanması və digər mühüm razılaşmalar əldə edilməsi de-fakto regionda sülhü təmin edib. Prezident onu da əlavə etdi ki, cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.

Hüseyn Süleymanov

YAP Kəngərli rayon təşkilatının sədr müavini

Digər xəbərlər