"Donald Trampın "beynəlxalq hüquqdan daha çox milli maraqların prioritetliyi" fəlsəfəsinə söykənən doktrinası, əslində dünya nizamının kollektiv təhlükəsizlik modelindən klassik "realizm" və ikitərəfli sövdələşmələr (tranzaksionalizm) modelinə keçidini sürətləndirir". Bu sözləri SİA-ya açıqlamasında politolooq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, bu yanaşma, beynəlxalq təşkilatların və çoxşaxəli konvensiyaların hər bir dövlət üçün mütləq çərçivə rolunu oynadığı liberal dünya nizamının yerini, güclü dövlətlərin birbaşa razılaşmalarına və rəqabətinə əsaslanan "yeni böyük oyun"a buraxması deməkdir:"Analitik nöqteyi-nəzərdən bu, beynəlxalq münasibətlərdə "hüququn gücü"ndən "güclünün hüququ"na doğru bir transformasyadır ki, bu da dövlətləri daha müstəqil, daha praqmatik və daha çevik siyasət yürütməyə vadar edir. Trampın bu mövqeyi qlobal miqyasda "suverenizm" dalğasını gücləndirərək, dövlətlərin öz təhlükəsizlik və iqtisadi maraqlarını qlobal bürokratik strukturların rəyinə ehtiyac duymadan həll etməsinə legitimlik qazandırır. Belə bir şəraitdə beynəlxalq münasibətlər sistemi daha çox 19-cu əsr diplomatiyasındakı "güclər balansı" modelinə yaxınlaşır ki, burada da əsas söz sahibi status-kvonu və hüquqi normaları müdafiə edən qurumlar deyil, real hərbi və iqtisadi potensiala malik olan liderlərdir. Bu yanaşma müəyyən mənada qlobal sistemdəki bürokratik tıxacları aradan qaldıra və daha sürətli qərar qəbulu mexanizmlərini işə sala bilər, lakin eyni zamanda kiçik və orta dövlətlər üçün öz maraqlarını qorumaq naminə daha güclü müttəfiqlərlə birbaşa və spesifik sazişlərə girmək zərurəti yaradır. Nəticə etibarilə, dünya nizamı daha proqnozlaşdırıla bilməyən, lakin hər bir dövlətin öz gücünə və manevr qabiliyyətinə daha çox güvəndiyi, milli suverenliyin hər şeydən uca tutulduğu bir mərhələyə qədəm qoyur".
Müəllif: Arzu Qurbanlı