2026-cı il yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Dövlət başçısının bu mühüm tədbirdəki çıxışı Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini, xüsusilə bərpaolunan enerji sahəsində qarşıya qoyulan strateji hədəfləri bir daha aydın şəkildə nümayiş etdirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, bu stansiyanın fəaliyyətə başlaması ölkəmizin enerji potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın zəngin təbii resursları, o cümlədən külək enerji potensialı uzun illərdir ki, dövlət səviyyəsində dəyərləndirilir və mərhələli şəkildə real layihələrə çevrilir. Zəngin külək potensialı, xüsusilə Abşeron yarımadası və Xızı bölgəsi bu cür layihələr üçün əlverişli şərait yaradır. Bu imkanlardan səmərəli istifadə edilməsi ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, ekoloji tarazlığın qorunmasına da mühüm töhfə verir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası karbon emissiyalarının azaldılması baxımından da xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın “yaşıl enerji” gündəliyinin əsas sütunlarından birinə çevrilir.
Dövlət başçısı çıxışında vurğuladı ki, son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm mürəkkəb, həm də yüksək məsuliyyət tələb edən bir prosesdir. Azərbaycan bu sahədə beynəlxalq təcrübədən uğurla faydalanır, eyni zamanda milli potensialını da səfərbər edir. Yeni nəsil enerji layihələri ölkənin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, texnoloji inkişafı sürətləndirir, regionlarda məşğulluq imkanlarını genişləndirir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası bu baxımdan nümunəvi layihədir və gələcəkdə həyata keçiriləcək digər bərpaolunan enerji təşəbbüsləri üçün möhkəm zəmin yaradır.
Müasir enerji obyektlərinin yaradılması qabaqcıl texnologiyaların tətbiqini, beynəlxalq təcrübənin öyrənilməsini və yerli mütəxəssislərin peşəkarlığını zəruri edir. Azərbaycan bu sahədə öz imkanlarını səfərbər edərək etibarlı və dayanıqlı enerji infrastrukturu formalaşdırmağa nail olub.
Prezident İlham Əliyev bildirdi ki, bərpaolunan enerji layihələrinin genişləndirilməsi bir tərəfdən ekoloji tarazlığın qorunmasına, digər tərəfdən isə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Bu isə Azərbaycanın beynəlxalq iqlim təşəbbüslərinə verdiyi töhfənin bariz nümunəsidir.
Çıxış zamanı vurğulandı ki, ölkəmizdə həyata keçirilən enerji islahatları təkcə iqtisadi deyil, eyni zamanda sosial və strateji əhəmiyyət daşıyır. Yeni enerji obyektlərinin istifadəyə verilməsi regionların inkişafına, yeni iş yerlərinin açılmasına və ümumilikdə milli iqtisadiyyatın dayanıqlığının artırılmasına xidmət edir.
Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə açılışı nəzərdə tutulur. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni, növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Son beş il ərzində yaşıl enerji zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi tərtib edilib və həmin bölgədə təqribən 500-600 meqavat gücündə kiçik su elektrik stansiyalarının inşa edilməsi nəzərdə tutulur. Bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 QVt, Naxçıvanda isə 5 QVt həcmində qiymətləndirilir
Prezident İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı bir daha göstərdi ki, Azərbaycan gələcəyə hesablanmış, balanslaşdırılmış və müasir enerji siyasəti yürüdür. Bu siyasətin əsas məqsədi ölkəmizin uzunmüddətli inkişafını təmin etmək, enerji təhlükəsizliyini möhkəmləndirmək və “yaşıl enerji”yə keçidi sürətləndirməkdir.
Elə bu baxımdan, hesab edirəm ki, “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı növbəti məqsədyönlü siyasətin uğurlu kimi dəyərləndirilməlidir.
Uğurların bol olsun, Azərbaycan!
İlham Quliyev
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini