Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə ölkənin siyasi kursunun mahiyyətini və qarşıya qoyulan strateji hədəfləri bir daha aydın şəkildə ortaya çıxardı. Müsahibə göstərdi ki, dövlət idarəçiliyinin bütün mərhələlərində əsas prioritet Azərbaycan vətəndaşının rifahı, təhlükəsizliyi və sosial təminatıdır. Prezidentin ifadə etdiyi “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri sadəcə siyasi şüar kimi deyil, dövlət konsepsiyasının elmi-praktik çərçivəsi kimi təqdim olundu.
Son illər sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar bu yanaşmanın real nəticələrini formalaşdırıb. Minimum əməkhaqqının artırılması, sosial paketlərin genişləndirilməsi, reabilitasiya və dəstək mexanizmlərinin güclənməsi, həmçinin investisiya yönümlü iqtisadi modelin qurulması insan kapitalının önəmli sərvət kimi qəbul edildiyini təsdiqləyir. Bununla yanaşı, təhsil, gənclərin inkişafı və yeni kadr potensialının hazırlanması istiqamətində görülən tədbirlər ölkənin intellektual bazasının genişlənməsinə töhfə verir.
Müsahibədə diqqət çəkən digər mühüm xətt 2025-ci ilin siyasi nəticələri və regionda yaranmış yeni reallıqlar oldu. Ermənistanla müharibənin siyasi müstəvidə başa çatması, sülh gündəliyinin aktuallaşması və beynəlxalq münasibətlərdə Azərbaycanın rolunun artması dövlətin diplomatik gücünün institusional səviyyədə möhkəmləndiyini nümayiş etdirir. Bu proses həm regional təhlükəsizliyə, həm də yeni əməkdaşlıq formatlarının formalaşmasına xidmət edir.
Daxili idarəetmədə şəffaflıq, islahatların ardıcıllığı və düzgün kadr siyasəti də müsahibədə xüsusi vurğulandı. Prezident qeyd etdi ki, dövlət idarəçiliyində dinamizm, çeviklik və analitik düşünmə tərzi artıq idarəetmənin əsas standartına çevrilir. Bu yanaşma uzunmüddətli dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir və müasir idarəetmə elminin tələbləri ilə uzlaşır.
Müsahibə təkcə kommunikativ akt deyil, həm də Azərbaycanın dövlət siyasətinin konseptual konturlarını açıqlayan proqram xarakterli sənəd funksiyasını daşıyır. Göstərilən istiqamətlərdən aydın olur ki, ölkənin inkişafında əsas məqsəd — rifahı yüksək, hüquqları təmin olunmuş, təhlükəsiz və yaradıcı fəaliyyət göstərə bilən Azərbaycan vətəndaşının formalaşdırılmasıdır. Bu isə dövlətin həm ideoloji, həm sosial, həm də institusional siyasi xəttinin əsas fəlsəfəsini təşkil edir.
Misir Məmmədov
YAP Laçın rayon təşkilatının fəal üzvü
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi