2026-cı ilin ilk günlərində Azərbaycan yeni enerji strategiyasına daha bir qürurverici hadisəni yazdı. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) istifadəyə verilməsi ölkəmizin enerji tarixində yeni əlamətdar hadisə hesab edilə bilər. Stansiyanın rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bəyan etdi ki, 240 meqavat gücündə olan bu stansiyanın fəaliyyətə başlaması ölkəmizin enerji potensialını gücləndirəcək və ümumi inkişafına töhfə verəcək.
“Xızı-Abşeron” KES Azərbaycanın yaxın tərəfdaşı olan dövlətlərlə – Səudiyyə Ərəbistanı Krallığı və Çin Xalq Respublikası ilə birlikdə ərsəyə gətirdiyi nəhəng enerji layihəsi, “yaşıl enerji” gündəliyinin yeni səhifəsidir. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.
Yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm də məsuliyyətli bir prosesdir. Xüsusilə də bərpaolunan enerji növlərinin enerji sisteminə inteqrasiyası iritutumlu sərmayə və böyük peşəkarlıq tələb edir. Bu baxımdan, dörd il ərzində qarşılıqlı fəal investisiya əməkdaşlığı sayəsində bu bərpaolunan stansiyanın istismara buraxılması dövlətimizin yürütdüyü iradəli siyasətin növbəti uğuru, yerli energetika korpusumuzun yorulmaz əməyinin bəhrəsidir.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının “Gülüstan” sarayında keçirilən rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev stansiyasının istismara verilməsini çox önəmli hadisə kimi dəyərləndirdi. Qeyd etdi ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək. Son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur.
Regional layihələr kontekstində Azərbaycanın Xəzər dənizi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının şaxələndirilməsi, Türkiyə və Avropa bazarlarına nəqli istiqamətində marşrutların yaradılması istiqamətində təşəbbüsləri də mühüm yer tutur. Bir sözlə, Azərbaycanın yürütdüyü “yaşıl enerji” siyasəti bütün region ölkələrinin birgə enerji həmrəyliyini genişləndirməklə yeni mərhələyə daxil olmaqdadır.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı