Son illər Azərbaycanda energetika sahəsində əldə olunan uğurlar ölkənin bu strateji sektorun inkişafı üçün son dərəcə əlverişli və cəlbedici mühit formalaşdırdığını deməyə əsas verir. Azərbaycan energetika sahəsində investisiyaların cəlb edilməsi, real müasir infrastrukturun qurulması istiqamətində güclü, uzunmüddətli strategiya ardıcıl və düşünülmüş siyasət nəticəsində uğurla inkişaf etdirilir. Bu gün Azərbaycanın bir çox sahəsində olduğu kimi energetika sektorunda da xarici investorların fəal iştirakını müşahidə edirik. Ölkədə icra olunan ən böyük və strateji əhəmiyyətli layihələr enerji sahəsini də əhatə edir. Bu isə Azərbaycanın beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Xarici investorlarla uğurlu əməkdaşlıq modeli ölkənin investisiya cəlbediciliyinin yüksəldiyini və enerji sahəsində əməkdaşlıq reytinqinin artdığını açıq şəkildə nümayiş etdirir.
Bu baxımdan Səudiyyə Ərəbistanının aparıcı enerji şirkətlərindən biri olan “ACWA Power” tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin enerji tarixində yeni əlamətdar hadisə hesab edilə bilər. Stansiya Azərbaycanın yaxın tərəfdaşı olan dövlətlərlə - Səudiyyə Ərəbistanı Krallığı və Çin Xalq Respublikası ilə birlikdə ərsəyə gətirdiyi nəhəng enerji layihəsi, “yaşıl enerji” gündəliyinin yeni səhifəsidir. Bu hadisə dünyanın nüfuzlu investorları olan “ACWA Power” və “Power China” ilə Azərbaycanın yeni enerji həmrəyliyinin nümunəsidir. Stansiyanın rəsmi açılış mərasimində çıxış edən prezident İlham Əliyev bəyan etdi ki, 240 meqavat gücündə olan bu stansiyanın fəaliyyətə başlaması ölkəmizin enerji potensialını gücləndirəcək və ümumi inkişafına töhfə verəcək. Dövlət başçısı həmçinin qeyd etdi ki, bu layihə “ACWA Power” şirkətinin Azərbaycanda həyata keçirdiyi ilk bərpaolunan enerji layihəsi olmaqla yanaşı, gələcək əməkdaşlıqlar üçün də möhkəm təməl yaradır. Prezidentin nitqində vurğulandı ki, bu şirkətin Azərbaycanda daha geniş planları mövcuddur və dövlətimiz bu təşəbbüsləri tam şəkildə dəstəkləyir. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə ilk layihənin də məhz bu şirkət tərəfindən icra ediləcəyi ölkəmiz üçün strateji əhəmiyyət daşıyacağı vurğulandı. Prezident İlham Əliyev nitqində həmçinin stansiyanın tikintisində əməyi olan bütün tərəflərə təşəkkürünü bildirərək, Azərbaycan energetiklərinin fəaliyyətini də xüsusi qeyd etdi. Bildirdi ki, yeni generasiya güclərinin istismara verilməsi həm texniki, həm maliyyə, həm də peşəkarlıq baxımından son dərəcə məsuliyyətli prosesdir. Xüsusilə bərpaolunan enerji mənbələrinin böyük həcmdə vahid enerji sistemə inteqrasiyası yüksək səviyyəli koordinasiya və bilik tələb edir. Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarından Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır.
Prezidentin çıxışında son illər energetika sektorunda həyata keçirilən islahatların miqyası və mürəkkəbliyi də diqqətə çatdırıldı. Ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafının vacibliyi xüsusi vurğulandı. Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji baxımından nadir coğrafi üstünlüklərə malik olduğunu diqqətə çatdırdı.
Dövlət başçısının çıxışında həmçinin qeyd olundu ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Son 20 ildə generasiya güclərini dayanmadan artıran Azərbaycan əvvəlki illərlə müqayisədə təxminən üç dəfə artıq potensial formalaşdıraraq təxminən 10 min meqavata bərabər dayanıqlı bloklar, enerji təhlükəsizlik sistemi qurub. Bu, tarixi rekorddur. Təkcə ötən il istifadəyə verilən Mingəçevirdəki 2000 meqavata bərabər yeni elektrik stansiyası ölkəmizin fasiləsiz və etibarlı enerji təchizatı ilə yanaşı, xarici dövlətlərin də təminatında həlledici rol oynaya bilər.
Prezident İlham Əliyevin çıxışında həmçinin qeyd olundu ki, azad ərazilərdə tətbiq edilən vergi-gömrük, sosial güzəştlər, iqtisadi stimullar həmin bölgəyə də böyük maraq yaradır. Bu ərazilərdə icrasına başlanmış layihələrin ümumi potensialı 340 meqavata bərabər olan üç Günəş elektrik stansiyasının inşası onu təsdiqləyir ki, xarici investorların Azərbaycana etibar və etimadı daha da güclənir. Bu qarşılıqlı inam və fəal investisiya platforması növbəti illərdə də ölkəmizdə külək, günəş elektrik stansiyalarının, digər alternativ enerji infrastrukturlarının tikintisində yeni körpünün salınacağını şərtləndirir.
Dövlət başçısının çıxışında gələcək planlarla bağlı fikirlərində vurğulandı ki, bərpaolunan enerji potensialı zamanla daha çox artacaq, bu enerjini saxlamaq üçün infrastrukturun yaradılması xüsusi vacibdir. Qeyd olundu ki, bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemləri yaradılır və bu hadisə bərpaolunan enerjinin intermittensiya probleminin həllinə yönəlmiş mühüm texnoloji addımdır. 250 MVt-lıq ilk layihənin dövlət hesabına icra edilməsi bu sahədə bazar formalaşdırılması və gələcəkdə özəl investorların cəlb olunması üçün katalizator rolunu oynayacaq. Həmçinin xarici investorların bu işə dəvət olunması vurğulandı.
Bir sözlə, Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur. Nəticə etibarilə, Azərbaycanda energetika sahəsində aparılan islahatlar, həyata keçirilən irimiqyaslı layihələr, xarici investorlarla qurulan səmərəli əməkdaşlıq ölkənin regional və qlobal enerji xəritəsində mövqeyini daha da gücləndirir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan energetika sahəsində təkcə bu günün deyil, həm də gələcəyin çağırışlarına hazır olan güclü və etibarlı tərəfdaşdır.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı