Son illərdə Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsidir. Dövlət tərəfindən bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzində saxlanılır. Görülən ardıcıl tədbirlər nəticəsində son illər ərzində 16 min şəhid ailəsi və müharibə əlili, eləcə də onların ailə üzvləri dövlət hesabına mənzillərlə təmin olunmuşdur.
Bu addımlar Azərbaycan dövlətinin Vətən uğrunda canını fəda etmiş qəhrəmanların ailələrinə və sağlamlığını itirmiş müharibə iştirakçılarına göstərdiyi yüksək ehtiramın bariz nümunəsidir. Mənzillə təminat yalnız sosial dəstək tədbiri deyil, eyni zamanda bu ailələrin cəmiyyətə inteqrasiyasının və sosial rifahının təmin olunmasına yönəlmiş mühüm dövlət proqramıdır.
Dövlətin sosial siyasəti çərçivəsində şəhid ailələri və müharibə əlilləri üçün tikilən mənzillər müasir standartlara cavab verir, zəruri infrastrukturla təmin olunur. Paralel olaraq, bu kateqoriyadan olan şəxslərə aylıq sosial ödənişlər, müavinətlər, tibbi xidmətlər və reabilitasiya proqramları da təqdim edilir. Bu isə sosial təminatın kompleks xarakter daşıdığını göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar paketi və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqət və qayğının davamlı olmasını təmin edir. Dövlətin imkanları artdıqca bu sahəyə ayrılan vəsaitin də genişləndirilməsi sosial ədalət prinsipinin əsasını təşkil edir.
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təmin olunması cəmiyyətimizdə dövlət–xalq birliyinin möhkəmlənməsinə, vətənpərvərlik ruhunun güclənməsinə və sosial sabitliyin qorunmasına mühüm töhfə verir. Bu siyasət Azərbaycan dövlətinin humanist və sosial yönümlü inkişaf modelinin əsas sütunlarından biri kimi çıxış edir.
Təhmasib Rüstəmov,
YAP Qubadlı rayon təşkilatının sədri.