PDF Oxu

Siyasət

  • 1 460

Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq

image

“Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Reallığa çevrilən hər bir layihə keçilən yolun təhlilini bir zərurətə çevirir. Bu gün böyük əminliklə Azərbaycanın yalnız neft deyil, təbii qaz, elektrik enerjisi ixracatçısı kimi artan rolundan geniş bəhs edirik. Azərbaycanın dövrün hər bir çağırışını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malik olması tərəfdaşlarının sayının artmasında, iqtisadi əlaqələrinin daha da genişləndirilməsində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında bildirdi ki, düz dörd il bundan əvvəl - 2022-ci ilin yanvar ayında bu salonda bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani isə çıxışında vurğuladı ki, bərpaolunan enerji sahəsində bu aparıcı layihə Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında tərəfdaşlığın gücünü və dərinliyini nümayiş etdirir. Krallıq bunları, bu tərəfdaşlığı xüsusən energetika sahəsində uzunmüddətli strateji münasibətlər kimi görür. Tərəfdaşlığımız daha geniş, sistemli əməkdaşlığa doğru fərdi layihələrin hüdudlarını keçir. Əməkdaşlığımız enerji istehsalından əlavə, həmçinin elektrik enerjisinin ötürülməsini, şəbəkənin inteqrasiyasını və kadr hazırlığını əhatə edir.Bu fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin aydın mənzərəsini təqdim edir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsinin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addımlarındandır. Neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, məhz yaradılan möhkəm təmələ söykənərək dövlət başçısı İlham Əliyev 2003-cü ildən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır: “Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Son 22 ildən artıq dövrün reallıqları bu hədəfə yüksək səviyyədə nail olduğumuzu təsdiqləyir. Sözügedən açılış mərasimində də qeyd olunduğu kimi, bu gün bu mühüm hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Həm xarici, həm yerli investorları Azərbaycana sərmayə qoymağa çağıran Prezident İlham Əliyev onu da qeyd etdi ki, dövlət xarici sərmayələri daim qoruyur. Bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir”.Malik Həsənov vurğulayıb ki, neft və qaz, neft məhsullarının, elektrik enerjisinin, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır: “Azərbaycan çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü təsdiqləyir. Cənab İlham Əliyev ölkəmizdə gözəl investisiya iqliminin mövcudluğunu statistik rəqəmlər əsasında diqqətə çatdırdı. Vurğuladı ki, ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün Azərbaycanın maliyyə vəziyyəti çox müsbətdir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Bu gün ölkəmizin kredit reytinqi daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb”.Millət vəkili bildirib ki, hər bir layihə növbəti layihələrin başlanğıcıdır: “Dövlət başçısı İlham Əliyev sözügedən mərasimdəki çıxışında qeyd etdi ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcək.Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır, nüfuz qazanır. Təbii ki, bu, düzgün müəyyənləşdirilən siyasətin nəticəsidir. Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlaması davamlı uğurlarına geniş yol açır”.Malik Həsənov ümumiləşdirilmiş şəkildə qeyd edib ki, Azərbaycan bərpaolunan enerji potensialına malik ölkədir: “Bu sahəyə investisiyaların cəlb edilməsi hazırkı dövrün əsas çağırışları sırasındadır. Bir mühüm məqamı da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimiz zəngin bərpaolunan enerji resurslarına malikdir. Bu torpaqlarda bərpa-quruculuq işlərinin tezliklə başa çatması fonunda böyük investisiyalar məkanına çevriləcəkləri qaçılmazdır. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonası elan edilib. Azərbaycanın tərəfdaşları, həmçinin bu və ya digər ölkənin şirkətləri ilə genişlənən əlaqələri bu sahədə də öz sözünü deyir. Bu reallıq da aydındır ki, neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında bu çağırışı etdi ki, Azərbaycanda ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. 2023-cü ildə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Bu gün 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı oldu. İşğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş Elektrik Stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq”.

Digər xəbərlər