PDF Oxu

Siyasət

  • 474

Azərbaycanın yaşıl enerji strategiyasında yeni mərhələ - ŞƏRH

image

Yanvar ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi ölkənin enerji tarixində mühüm hadisə kimi yadda qaldı. Cənab Prezidentin açılış mərasimindəki çıxışı Azərbaycanın enerji təhlükəsizliyi, yaşıl enerji strategiyası və dayanıqlı inkişaf hədəflərinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirdi.

Möhtərəm Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “Xızı–Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın bərpa olunan enerji potensialının reallaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir. Bu layihə ölkənin elektrik enerjisi istehsalında alternativ və ekoloji cəhətdən təmiz mənbələrin payını artırmaqla yanaşı, karbon emissiyalarının azaldılmasına da əhəmiyyətli töhfə verir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan beynəlxalq iqlim gündəliyinə sadiqdir və yaşıl enerji sahəsində qlobal təşəbbüslərə fəal şəkildə qoşulur.

Çıxış zamanı cənab Prezident Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən bəhs edərək bildirdi ki, neft-qaz ölkəsi olmasına baxmayaraq, respublika gələcəyini məhz bərpa olunan enerji mənbələrinin inkişafında görür. Xızı və Abşeron bölgələrinin külək potensialının yüksək olduğunu qeyd edən Prezident, bu ərazilərdə reallaşdırılan layihələrin həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Yeni stansiyanın istismara verilməsi nəticəsində minlərlə ev təsərrüfatının elektrik enerjisi ilə təmin olunacağı, eyni zamanda yeni iş yerlərinin yaradıldığı vurğulandı.

Dövlət başçısı cənab İlham Əliyev çıxışında xarici investorlarla əməkdaşlığın əhəmiyyətinə də toxundu. O bildirdi ki, “Xızı–Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının bariz nümunəsidir və ölkənin investisiya mühitinə olan etimadı bir daha təsdiqləyir. Dövlət başçısı əlavə etdi ki, şəffaflıq, hüquqi sabitlik və uzunmüddətli strateji baxış Azərbaycanın enerji sektorunu investorlar üçün cəlbedici edir.

Sonda cənab Prezident bu layihənin həyata keçirilməsində əməyi olan bütün mütəxəssislərə, mühəndislərə və tərəfdaşlara təşəkkürünü bildirdi. O, Azərbaycanın qarşıdakı illərdə də yaşıl enerji sahəsində iri layihələr reallaşdıracağını, ölkənin regional enerji mərkəzi statusunu yeni keyfiyyət mərhələsinə yüksəldəcəyini qeyd etdi.

Nazim BÜNYATOV

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər