PDF Oxu

Siyasət

  • 2 399

Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır - ŞƏRH

image

Azərbaycan son illər enerji siyasətində mühüm və strateji addımlar ataraq həm daxili tələbatın ödənilməsi, həm də ixrac imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı ölkənin uzunmüddətli enerji strategiyasının əsas prioritetlərindən birinə çevrilib. Məhz bu kontekstdə ölkəmizin enerji potensialını gücləndirəcək daha bir mühüm layihə - 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyası bu gün artıq rəsmi olaraq fəaliyyətə başlayır. 2026-cı il yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə işə salınan bu stansiya ölkənin bərpaolunan enerji sahəsində indiyədək həyata keçirilmiş ən iri layihələrdən biri kimi tarixə düşür. Layihə Səudiyyə Ərəbistanının nüfuzlu “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş və Azərbaycanın enerji sisteminə tam inteqrasiya olunmuşdur. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın bərpaolunan enerji potensialının reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumi gücü 240 meqavat olan bu stansiya ildə təxminən 1 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malikdir. Bu göstərici minlərlə ailənin elektrik enerjisi tələbatının ödənilməsi ilə yanaşı, ölkənin ümumi enerji balansında “yaşıl enerji”nin payının artmasına mühüm töhfə verəcək.Stansiyanın fəaliyyəti nəticəsində illik 220 milyon kubmetr təbii qaza qənaət olunacaq. Bu isə Azərbaycanın təbii qaz ehtiyatlarının daha səmərəli istifadəsinə, eləcə də ixrac potensialının artırılmasına şərait yaradacaq. Eyni zamanda, layihə ekoloji baxımdan da böyük üstünlüklərə malikdir. Belə ki, stansiya vasitəsilə hər il 400 min tondan çox karbon qazının atmosferə buraxılmasının qarşısı alınacaq ki, bu da iqlim dəyişiklikləri ilə mübarizədə əhəmiyyətli addım hesab olunur. Layihənin həyata keçirilməsi üçün təxminən 340 milyon ABŞ dolları həcmində xarici investisiya cəlb olunmuşdur. Bu fakt bir daha sübut edir ki, Azərbaycan sabit iqtisadi mühitə, şəffaf enerji siyasətinə və etibarlı tərəfdaş imicinə malik ölkədir. “ACWA Power” kimi beynəlxalq miqyasda tanınmış şirkətin Azərbaycana sərmayə yatırması ölkəmizə olan yüksək etimadın göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji diplomatiyası nəticəsində Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, eyni zamanda “yaşıl enerji” sahəsində regional mərkəzə çevrilməkdədir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası bu strategiyanın real nəticəsi və praktik təzahürüdür.Yeni stansiyanın istismara verilməsi ölkənin enerji təhlükəsizliyini daha da gücləndirir. Elektrik enerjisi istehsalında mənbələrin şaxələndirilməsi mümkün risklərin minimuma endirilməsinə, enerji sisteminin dayanıqlığının artırılmasına xidmət edir. Bu isə həm iqtisadi sabitlik, həm də sosial rifah baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, layihə Azərbaycanın beynəlxalq iqlim öhdəliklərinə sadiqliyini nümayiş etdirir. Paris Sazişi çərçivəsində götürülən öhdəliklərin icrası, karbon emissiyalarının azaldılması və “yaşıl keçid”in sürətləndirilməsi baxımından “Xızı-Abşeron” KESS strateji rol oynayır. Beləliklə, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının fəaliyyətə başlaması ölkəmizin enerji sektorunda yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu layihə yalnız əlavə enerji istehsalı demək deyil, eyni zamanda ekoloji məsuliyyət, iqtisadi səmərəlilik və beynəlxalq əməkdaşlığın uğurlu nümunəsidir. Ölkəmizin enerji potensialını gücləndirəcək bu stansiya Azərbaycanın gələcək nəsillər üçün daha təhlükəsiz, dayanıqlı və ekoloji cəhətdən təmiz enerji sisteminə doğru atdığı mühüm addımlardan biridir.

Seymur Fərhadlı

Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı

Digər xəbərlər