Son illər Azərbaycan Respublikasında enerji sektorunda həyata keçirilən islahatlar və yeni nəsil elektrik stansiyalarının istismara verilməsi ölkəmizin dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan bu layihələr enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, ekoloji tarazlığın qorunmasına və iqlim dəyişiklikləri ilə mübarizəyə xidmət edir. Məhz bu məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycanın COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin yaşıl enerji sahəsində artan rolunun göstəricisidir.
Prezident İlham Əliyevin son illərdə açılışını etdiyi mühüm enerji obyektlərindən biri Qaradağ Günəş Elektrik Stansiyasıdır. Bu stansiya Azərbaycanın bərpa olunan enerji sahəsində ən iri layihələrindən biri olmaqla, karbon emissiyalarının azaldılmasına və təmiz enerji istehsalının artırılmasına ciddi töhfə verir. Eyni zamanda, Xızı–Abşeron Külək Elektrik Stansiyası külək enerjisindən səmərəli istifadə etməklə yaşıl enerjinin ümumi istehsaldakı payını artırır və Azərbaycanın COP29 çərçivəsində üzərinə götürdüyü iqlim öhdəliklərinə uyğun fəaliyyət göstərdiyini nümayiş etdirir.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən enerji layihələri Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan Böyük Qayıdış layihəsinin mühüm tərkib hissəsidir. Bu ərazilərdə bərpa və yenidənqurma işləri məhz yaşıl enerji prinsipləri əsasında aparılır. Prezidentin açılışını etdiyi Güləbird Su Elektrik Stansiyası (Laçın) və Kəlbəcər-1 Su Elektrik Stansiyası azad edilmiş torpaqların etibarlı enerji təminatında mühüm rol oynayır, yeni yaşayış məntəqələrinin salınmasına və əhalinin doğma yurdlarına qayıdışına geniş imkan yaradır.
Azad olunmuş ərazilərin “yaşıl enerji zonası” elan edilməsi Böyük Qayıdış strategiyasının ekoloji baxımdan məsuliyyətli və innovativ yanaşmaya əsaslandığını göstərir. Günəş, külək və su enerjisi potensialından səmərəli istifadə bu bölgələrdə ətraf mühitin qorunmasına, uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsinə və COP29-un əsas məqsədləri ilə uzlaşan bərpa modelinin formalaşdırılmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası da Azərbaycanın yaşıl enerji siyasətində xüsusi yer tutur. Prezident İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən Ordubad Su Elektrik Stansiyası Naxçıvanın enerji müstəqilliyini gücləndirməklə yanaşı, ekoloji cəhətdən təmiz enerji istehsalının artırılmasına töhfə verir. Günəş və su enerjisi potensialı yüksək olan bu regionda həyata keçirilən layihələr “yaşıl dünya” ideyasının real tətbiqidir.
COP29-a ev sahibliyi edən Azərbaycan beynəlxalq ictimaiyyətə nümayiş etdirir ki, ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə yalnız bəyanatlarla deyil, konkret və real layihələrlə iştirak edir. Prezident İlham Əliyevin son illərdə açılışını etdiyi günəş, külək və su elektrik stansiyaları bu siyasətin praktik nəticəsi olmaqla, Azərbaycanın qlobal iqlim gündəliyində etibarlı tərəfdaş olduğunu təsdiqləyir.
Nəticə etibarilə, Qaradağ Günəş Elektrik Stansiyası, Xızı–Abşeron Külək Elektrik Stansiyası, Güləbird və Kəlbəcər su elektrik stansiyaları, eləcə də Naxçıvanda istifadəyə verilən enerji obyektləri COP29 və Böyük Qayıdış strategiyası çərçivəsində Azərbaycanın yaşıl enerji sahəsində əldə etdiyi mühüm nailiyyətlərin göstəricisidir. Bu layihələr ölkəmizin gələcəyə yönəlmiş inkişaf yolunu, ekoloji məsuliyyətini və güclü dövlət siyasətini aydın şəkildə əks etdirir.
Gülnar Əlizadə
YAP Şahbuz rayon Təhsil Şöbəsinin Ərazi partiya əşkilatının sədri,Şahbuz rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi.