Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişafı son illər ərzində dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü enerji siyasəti ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə və beynəlxalq nüfuzunun artırılmasına xidmət edir.
Son illərdə enerji infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr reallaşdırılmışdır. Elektrik stansiyalarının yenidən qurulması, yeni generasiya güclərinin istismara verilməsi və qabaqcıl texnologiyaların tətbiqi nəticəsində enerji istehsalında səmərəlilik xeyli yüksəlmişdir. Bu layihələr Prezident İlham Əliyevin şəxsi nəzarəti və təşəbbüsü ilə həyata keçirilərək ölkənin dayanıqlı enerji təminatına mühüm töhfə vermişdir.
Dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq bərpa olunan enerji mənbələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Günəş və külək enerjisi üzrə iri layihələrin icrası, xarici investorlarla əməkdaşlığın genişləndirilməsi Azərbaycanın “yaşıl enerji” sahəsində regional liderliyini gücləndirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonası elan edilməsi bu sahədə aparılan siyasətin məntiqi davamıdır.
Eyni zamanda, enerji ötürülməsi və paylanması sistemlərinin müasirləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Rəqəmsal idarəetmə, ağıllı şəbəkə texnologiyalarının tətbiqi enerji itkilərinin azaldılmasına, istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına şərait yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji islahatları Azərbaycanın regional və qlobal enerji bazarlarında mövqelərinin daha da möhkəmlənməsinə, ölkənin etibarlı enerji tərəfdaşı kimi tanınmasına geniş imkanlar yaradır.
YAP Qubadlı rayon təşkilatının sədri
Təhmasib Rüstəmov.