PDF Oxu

Siyasət

  • 717

Prezident İlham Əliyev: “Ağdərənin gələcək inkişafı çox parlaq olacaq”

image

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsindəki tarixi qələbədən dərhal sonra Ermənistan tərəfindən vandallığa məruz qalan ərzilərimizdə bərpa və yenidənqurma işləri başladı. Dağıdılmış kəndlərin və şəhərlərin yerində qısa müddətdə "ağıllı kənd"lərin təməli qoyuldu. Əzəli sakinlərimiz doğma torpaqlarına qayıdırlar və Böyük Qayıdış davam etməkdədir. Zəfər qazanmağımızdan 5 ildən artıq bir müddət keçsə də görülən işlərin miqyası genişdir. Sürətlə aparılan işlər və Azərbaycan Prezidenti İlham Əliyevin bu ərazilərə mütəmadi olaraq səfər etməsi, eləcə də imzaladığı sərəncamlar, verdiyi tapşırıq və qərarlar Qarabağ və Şərqi Zəngəzurun sürətlə və keyfiyyətli yenidən qurulmasında özünü göstərir.

“Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb”

“Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb”. Bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib. Dövlətimizin başçısı qeyd edib: “Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində”.

Xatırladaq ki, Azərbaycan Ordusu antiterror tədbirlərinin qarşısını alaraq tariximizə uğurlar həkk etdi. Cəmi 23 saat 43 dəqiqə ərzində keçirilən əməliyyatın əsas məqsədi Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi, onların hərbi obyektlərinin məhv edilməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması idi. Əməliyyat zamanı Azərbaycan Ordusu müasir hərbi texnika və yüksək dəqiqliklik vasitələrdən istifadə edərək strateji mövqelərdə yerləşdirilmiş qanunsuz erməni silahlı qüvvələrini sıradan çıxardı. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Tədbir zamanı şanlı ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri qətiyyən hədəf alınmamış, yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır. Bütün bu tədbirlər sübüt edir ki, Azərbaycan dövləti hər zaman erməni əsilli əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır.

“Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kəndi abadlaşdırmışıq”

Məlumdur ki, ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və s. məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

“Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kəndi abadlaşdırmışıq. Şəhəri də quracağıq”, - deyə Prezident söyləyib.

Buranın çox gözəl sənaye və turizm mərkəzi olacağını vurğulayan Prezident qeyd edib: “Bu səfalı yerlər göz oxşayır. Hər tərəf dağ, meşə, gözəl hava, bulaqlar, çaylar. Ona görə Ağdərənin gələcək inkişafı çox parlaq olacaq”.

2030-cu ilədək şəhərdə 3590 nəfər məskunlaşacaq

Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Bundan başqa, şəhərdə terras parkı, çayətrafı bulvar, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır. Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanıb. Şəhərin mənzil fondunun 420 min kvadratmetr olması, həmçinin 80 çarpayılıq xəstəxananın, 2520 şagird yerlik 5 məktəbin, 840 yerlik 5 uşaq bağçasının və peşə məktəbinin inşası planlaşdırılır. Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək. Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib.

Ağdərə şəhərində Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan yaşayış binaları da istismara verilib. Ağdərədə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün ümumilikdə 3 binada təmir-bərpa işləri görülüb. Dörd və beşmərtəbəli binalardakı 72 mənzildən 8-i birotaqlı, 36-sı ikiotaqlı, 24-ü üçotaqlı, 4-ü isə dördotaqlıdır. Burada hərbçilərin və onların ailə üzvlərinin yaşaması və asudə vaxtlarının səmərəli təşkili üçün bütün şərait yaradılıb. Mənzillər su, qaz, elektrik enerjisi, internet, həmçinin mebel dəstləri ilə təchiz edilib. Binaların ətrafında da geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin istirahəti üçün guşələr yaradılıb.

Qeyd edək ki, bu gün Azərbaycan dövləti tərəfindən Milli Ordumuzun şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Son illər Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, hərbi qulluqçuların mənzillə təmin olunması istiqamətində mühüm layihələr icra edilib. Bütün bunlar Müzəffər Ali Baş Komandan tərəfindən qalib Ordunun şəxsi heyətinə göstərilən yüksək qayğının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub. Bu mərkəzin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir. Mərkəzin geniş ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi mümkün olacaq. Burada təlim sahələri, o cümlədən atıcı və iriçaplı silahların atış, pilotsuz uçuş aparatlarının, o cümlədən zərbə dronlarının, müxtəlif simulyasiya, xüsusi əməliyyatların, sürücülük, üzgüçülük hazırlıqlarının məşq sahələri yaradılacaq.

Mərkəzdə qərargah, yataqxana, tibb məntəqəsi, klub, tədris və qonaq evləri, qapalı idman kompleksi, simulyasiya mərkəzi, açıq idman sahələri, helikopter meydançası, atıcılıq poliqonları və digər zəruri infrastruktur olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub. Çıldıran Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini heyvandarlıq və bitkiçilik təşkil edib. Kənddə məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Kəndin ərazisi tarixi abidələrlə zəngindir. Burada XII əsrə aid “Alban məbədi” və XIII əsrə aid “Qırmızı məbəd” memarlıq abidələri yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub. Kənddə 177 fərdi ev mövcuddur ki, onlardan da 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib. Bu il daha 30 evin bərpası planlaşdırılır. Hazırda ilkin olaraq kəndə 13 ailə (48 nəfər) qayıdıb.

Çıldıran kəndində 2 mövcud transformator, elektrik və qaz xətləri bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib. Bundan başqa, su nasosu istifadəyə verilib, ümumi həcmi 190 kubmetr olan su anbarları təmizlənib və subartezian quyusu təmir olunub, 8,4 kilometr uzunluğunda kənddaxili yollar bərpa edilib, park salınıb.

Ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib.

İğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 su elektrik stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş “Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.

Stansiyanın ölkə enerjisisteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub.

Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib. Bunlar, eyni zamanda, zərərli maddələrin suya qarışmasının qarşısını almaqla, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.

Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddətdə azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. İşğaldan azad olunan ərazilərimiz kimi, Ağdərə də yeni dövrünü - abadlıq-quruculuq dövrünü yaşayır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər