PDF Oxu

Siyasət

  • 656

Dövlət Proqramı su təminatı və ekoloji təhlükəsizliyi yeni mərhələyə yüksəldəcək

image

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirildi. Dövlətimizin başçısının proqram xarakterli çıxışında infrastruktur layihələrinin uğurlu icrasının inkişafa geniş yol açdığı əsaslı şəkildə diqqətə çatdırıldı.

Prezident İlham Əliyevin 2026-cı il 12 yanvar tarixli Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, bütün Abşeron yarımadasını əhatə etməklə regionun su və kanalizasiya infrastrukturunun tamamilə yenidən qurulmasını hədəfləyir. On illik dövrü əhatə edən bu strateji sənəd yağış və tullantı sularının idarə olunması sistemlərini müasirləşdirərək, paytaxt və ətraf qəsəbələrin ekoloji təhlükəsizliyini və su təminatını yeni mərhələyə yüksəldəcək.

Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilib və proses davam etdirilir. Prezident cənab İlham Əliyev müşavirədə son 20 ildə bu istiqamətdə görülən işlərdən geniş bəhs edərək bildirdi ki, dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etmək istərdim. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. Müşavirədə bu reallıq da diqqətə çatdırıldı ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Son 20 ildə görülən işlər qat-qat çoxdur. Layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq, su anbarlarının potensialını artırmaq, uçotu tam yaratmaq və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək”.

Prezident cənab İlham Əliyev müşavirədə qeyd etdiyi kimi, bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq.

Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq var. Prezident cənab İlham Əliyev müşavirədə bu məsələyə də xüsusi diqqət yönəltdi. Bildirdi ki, bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Görülən işlər qat-qat çoxdur, layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır. Əsas çağırışlardan biri də bu oldu ki, su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir.

Dövlət başçısı cənab İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın qeyd edilən sahədə gələcək inkişafı ilə bağlı aydın təsəvvür yaradır. Təsdiq edilmiş Dövlət Proqramı strateji məsələ olan su təminatı və ekoloji təhlükəsizliyi yeni mərhələyə yüksəldəcək.

Akif Həmidov

Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi

Digər xəbərlər