“Paytaxt Bakımız və Azərbaycanın bütün bölgələri inkişaf, tərəqqi dövrünü yaşayır. Kompleks tədbirlərin həyata keçirilməsi dayanıqlı inkişafı şərtləndirən mühüm amillər sırasındadır. Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirildi. Dövlətimizin başçısının proqram xarakterli çıxışında infrastruktur layihələrinin uğurlu icrasının inkişafa geniş yol açdığı əsaslı şəkildə diqqətə çatdırıldı. Həm Bakıda, həm bütün bölgələrdə son illərdə genişmiqyaslı infrastruktur layihələri icra edilib. Cənab İlham Əliyev 2003-cü ildə bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəfə nail olmaq üçün isə regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi vurğulandı. Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bu məqsədlərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaratdı. Cənab İlham Əliyev müşavirədəki çıxışında da diqqəti bu Dövlət Proqramlarına yönədərək bildirdi ki, iyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilib. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə, bütün bu məsələlər vahid sistem halına salınıb. Biz bu gün nəinki öz enerji tələbatımız, ixrac yolları haqqında düşünürük. Nəinki düşünürük, onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 ildə aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili infrastruktur layihələri arasında yol-nəqliyyat sisteminin yenilənməsindən, təkmilləşdirilməsindən də bəhs edib: “Bu gün böyük əminliklə qeyd edə bilərik ki, yol-nəqliyyat sistemimiz beynəlxalq standartlara cavab verir. Yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeni düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Cənab İlham Əliyev müşavirədə vurğuladı ki, bu gün həm magistral, həm kənd yolları, şəhərlərarası yollar, bu layihələr icra edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur”.Malik Həsənov vurğulayıb ki, içməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub: “Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilib və proses davam etdirilir. Cənab İlham Əliyev müşavirədə son 20 ildə bu istiqamətdə görülən işlərdən geniş bəhs edərək bildirdi ki, dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etmək istərdim. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. Müşavirədə bu reallıq da diqqətə çatdırıldı ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Son 20 ildə görülən işlər qat-qat çoxdur. Layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq, su anbarlarının potensialını artırmaq, uçotu tam yaratmaq və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək”.Millət vəkili diqqəti dövlət başçısı İlham Əliyevin imzaladığı 12 yanvar 2026-cı il tarixli “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncama yönəldib: “Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edir. 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması əsas hədəf kimi qarşıya qoyulub. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək, yenidən qurulacaq. Təxminən 10 illik proqramdır. Cənab İlham Əliyev müşavirədə bu çağırışı etdi ki, kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır.Ümumilikdə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın məqsədi su təchizatının dayanıqlığının artırılması, alternativ su mənbələrinin yaradılması və infrastrukturun yenilənməsi, su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi, yağış suları risklərinin aradan qaldırılması, tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması, su sektorunda rəqəmsal idarəetmə, SCADA (nəzarətçi idarəetmə və məlumatların toplanması) və IoT (əşyaların interneti) sistemlərinin tətbiqi və su itkisinin idarə edilməsinin effektiv monitorinqinin təmin edilməsidir”.