“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış sularının idarə olunması sisteminin təkmilləşdirilməsinə həsr edilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.Onun sözlərinə görə, Dövlət Proqramı təkcə texniki xarakter daşımır, eyni zamanda paytaxt və ətraf ərazilərdə yaşayan milyonlarla insanın həyat keyfiyyətinin yüksəldilməsi, ekoloji tarazlığın qorunması və davamlı inkişafın təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir:
“Abşeron yarımadasında su problemi uzun illərdir aktual olaraq qalır. Regionun coğrafi xüsusiyyətləri, əhali artımı və urbanizasiya prosesləri bu problemi daha da kəskinləşdirib.İqlim dəyişikliyi və şirin su ehtiyatlarının məhdudluğu fonunda əhalinin keyfiyyətli içməli su ilə dayanıqlı təminatı mühüm çağırışdır. Hazırda bölgədə köhnəlmiş su kəməri şəbəkəsi, yüksək su itkiləri, qeyri-bərabər su təzyiqi, bəzi ərazilərdə fasilələrlə su təminatı və su keyfiyyəti ilə bağlı problemlər mövcuddur. Kanalizasiya sistemində də yeyilmiş boru xətləri, məhdud şəbəkə, yeni yaşayış massivlərinin bir hissəsinin sistemə qoşulmaması və ekoloji risklər müşahidə olunur. Yağış sularının idarə olunmasında isə zəif drenaj sistemi, güclü yağıntılar zamanı su basmaları və təhlükəsizlik riskləri özünü göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqram məhz bu problemlərin kompleks həllinə yönəlib.Proqram çərçivəsində müasir texnologiyalar tətbiq olunmaqla yeni su kəmərlərinin çəkilməsi, köhnə infrastrukturun yenilənməsi və su təmizləmə qurğularının modernləşdirilməsi nəzərdə tutulur. Kanalizasiya sisteminin genişləndirilməsi, müasir təmizləyici qurğuların inşası və tullantı sularının ekoloji cəhətdən təhlükəsiz şəkildə utilizasiyası əsas prioritetlər sırasındadır. Eyni zamanda, intensiv yağışların yaratdığı risklərin azaldılması üçün müasir drenaj sistemlərinin qurulması və sel təhlükəsinin minimuma endirilməsi planlaşdırılır.Dayanıqlı və keyfiyyətli su təminatı əhalinin sağlamlığının qorunmasında əsas amillərdəndir. Proqramın icrası nəticəsində əhalinin fasiləsiz təmiz içməli su ilə təmin olunması, suyun keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və su ilə bağlı xəstəliklərin qarşısının alınması mümkün olacaq.Bundan başqa, müasir kommunal infrastruktur biznes və investisiya mühiti üçün mühüm şərtdir. Su və kanalizasiya sistemlərinin etibarlı fəaliyyəti iqtisadi canlanmaya, yeni müəssisələrin yaradılmasına və məşğulluğun artmasına şərait yaradacaq. Bakı və Abşeron yarımadasının turizm potensialının reallaşdırılmasında da bu infrastruktur həlledici rol oynayacaq. Su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması daşınmaz əmlakın dəyərini artıracaq, şəhərsalma proseslərinin keyfiyyətini yüksəldəcək və dəniz ekosisteminin qorunmasına xidmət edəcək.Avtomatlaşdırılmış dispetçer sistemləri su təzyiqinin idarə olunmasına, nasosların səmərəli işləməsinə və ümumi sistem effektivliyinin artırılmasına imkan verəcək. Membran filtrləmə, UV dezinfeksiya və digər innovativ üsullar vasitəsilə suyun yüksək keyfiyyəti təmin ediləcək. Geoinformasiya sistemləri (GIS) isə infrastrukturun rəqəmsal xəritələşdirilməsini, planlaşdırma və idarəetmənin daha effektiv qurulmasını mümkün edəcək.Proqram yalnız Bakı ilə məhdudlaşmır, bütün Abşeron yarımadasının inkişafına töhfə verəcək. Sumqayıt, Xırdalan və digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması regional balanslı inkişafa və əhalinin həyat şəraitinin yüksəlməsinə xidmət edəcək”.
Müəllif: Günay Hacıyeva