PDF Oxu

Siyasət

  • 1 271

"Təhlükə hər addımda mövcuddur" - SƏDR DANIŞDI

image

"Mina problemi, partlamamış hərbi sursat problemi bizi hər an narahat edir. Çünki ermənilər çox böyük ərazilərə mina basdırıblar, həmçinin döyüş sursatları da geniş sahələrdə yayılıb. Vaxtilə döyüşlərin getdiyi bu torpaqlarda partlamamış sursatlar torpağın 3, 4, hətta 5 metr dərinliyinə düşüb. Bunları tapmaq və zərərsizləşdirmək olduqca çətin və mürəkkəb prosesdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu deyib.Onun sözlərinə görə, artıq 44 günlük müharibədən sonra mina və partlamamış sursatlardan zərər çəkənlərin sayı 400 nəfəri keçib. Həftə praktiki olaraq bir nəfər mina partlaması nəticəsində xəsarət alır və bu vəziyyət bizi ciddi şəkildə narahat edir: "Mülki şəxslərlə yanaşı, əraziyə səfər edənlər, orada işləyənlər, hətta mina təmizləyən əməkdaşlar da bu təhlükə ilə üzləşirlər.Ermənilər mina xəritələrini təqdim etmək istəmir. Bu, birinci problemdir. İkinci problem isə mina təmizləmənin çox ağır və çətin bir iş olmasıdır. Ərazi çox genişdir və hər sahənin tam şəkildə təmizlənməsi uzun zaman və resurs tələb edir. Digər ciddi problem isə insanların maarifləndirmə proqramlarına əməl etməməsidir. Bəzi şəxslər mina təhlükəsi olan ərazilərə daxil olurlar, baxmayaraq ki, həmin yerlərdə “Mina təhlükəsi” xəbərdarlıq lövhələri, qırmızı üçbucaqlı nişanlar və göy taxta işarələr qoyulub. Bütün bu xəbərdarlıqlara rəğmən insanlar həmin ərazilərə daxil olaraq təhlükə ilə üzləşirlər.Son baş verən hadisədə təəssüf ki, mina təmizləmə komandasının üzvü həlak oldu. Bu da göstərir ki, düşmən minaları olduqca hiyləgər və qeyri-standart üsullarla basdırıb. Minaların aşkarlanması və zərərsizləşdirilməsi çox çətin və təhlükəli olur.Təsəvvür edin ki, Suqovuşan-Talış istiqamətində bir kvadrat metrdə 7-8, bəzən hətta 10 mina aşkar olunub. Bu, çox böyük faciədir və düşmənin bu əraziləri nə dərəcədə amansız şəkildə minaladığını göstərir. Mina təmizləyən əməkdaşlar nə qədər peşəkar və ehtiyatlı olsalar da, bəzən torpağın altına gizlədilmiş bu təhlükəli düşmənin qurbanına çevrilirlər. Təəssüf ki, bu hələ də davam edir. Maarifləndirmə işlərinə daha da ciddi yanaşmalıyıq. Dünya dövlətlərini mina təmizləmə və maarifləndirmə işlərinə maliyyə ayırmağa cəlb etməliyik. Bu istiqamətdə müəyyən işlər görülür, amma davamlı və ardıcıl şəkildə aparılmalıdır. Təəssüf ki, bu hal təkrarlana bilər, çünki ərazi geniş şəkildə çirkləndirilib və düşmən minalama prosesini çox mürəkkəb şəkildə həyata keçirib".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər