Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"na həsr olunan müşavirədə çıxışında görülən və görüləcək işlər barədə ətraflı məlumat verdi. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq.
Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq. Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir.
Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir.Ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır.
Vaxtilə biz Samur-Abşeron kanalını yenidən inşa etmişik. Bu, tam beton kanaldır və orada itkilər kifayət qədər azdır. Ancaq yenə də bu kanalın infrastrukturunun inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur ki, "Ceyranbatan" su anbarı dayanıqlı su ilə təmin edilsin. Bu gün Bakıya beş mənbədən su daxil olur. Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq və əlbəttə ki, bu axın tam təmin edilməlidir. Son 20 il ərzində həyata keçirilən layihələrdən biri də tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri tikilməsəydi, bu gün Bakıda su qıtlığı özünü çox ciddi şəkildə göstərmiş olardı.
"Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nın məqsədləri: aşağıdakılardır:
- su təchizatının dayanıqlığının artırılması, alternativ su mənbələrinin yaradılması və infrastrukturun yenilənməsi;
- su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi;
- yağış suları risklərinin aradan qaldırılması;
- tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması;
- su sektorunda rəqəmsal idarəetmə, SCADA (nəzarətçi idarəetmə və məlumatların toplanması) və IoT (əşyaların interneti) sistemlərinin tətbiqi;
- su itkisinin idarə edilməsinin effektiv monitorinqinin təmini".
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri