Yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə müasir dövrdə infrastruktur siyasətinin yeni mərhələyə keçidini nümayiş etdirir. Müşavirədə səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, su təhlükəsizliyi artıq təkcə sosial məsələ deyil, milli təhlükəsizlik, iqtisadi sabitlik və ekoloji davamlılıqla birbaşa bağlı strateji istiqamətdir.
Ötən dövr ərzində həyata keçirilən ardıcıl regional proqramlar nəticəsində əsas infrastruktur məsələləri sistemli şəkildə öz həllini tapıb. Elektrik enerjisi ilə təchizatın tam təmin olunması, generasiya güclərinin tələbatı üstələməsi və ixrac potensialının formalaşması bu siyasətin bariz nəticəsidir. Vaxtilə enerji qıtlığı ilə üzləşən sistem bu gün vahid şəbəkə kimi fəaliyyət göstərir və regional bazarlara çıxış imkanları genişlənir. Bu təcrübə göstərir ki, uzunmüddətli planlama və mərhələli icra strategiyası infrastruktur sahəsində dayanıqlı nəticələr verir.
Eyni yanaşma qaz təchizatı sahəsində də özünü göstərir. Əhalinin 96 faizinin təbii qazla təmin olunması ötən illərin ən mühüm sosial-iqtisadi nailiyyətlərindən biridir. Bir vaxtlar daxili tələbatı belə ödəyə bilməyən sistem bu gün beynəlxalq enerji təhlükəsizliyinə töhfə verən ixracçı mövqedədir. Avtomobil yollarının, magistral və kənd yollarının, körpü və tunellərin inşası isə ölkə üzrə vahid iqtisadi məkanın formalaşmasına xidmət edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə paralel şəkildə icra olunan enerji, su və nəqliyyat layihələri həmin ərazilərin qısa müddətdə ümumi infrastruktur şəbəkəsinə inteqrasiyasını təmin edir.
Su təsərrüfatı sahəsində görülən işlər ayrıca strateji xətt kimi diqqət çəkir. Son 20 ildə inşa edilmiş dörd iri su anbarının ümumi tutumunun 500 milyon kubmetrdən artıq olması içməli su və suvarma təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayıb. “Taxtakörpü” və “Şəmkirçay” su anbarları təkcə paytaxt və qərb zonası üçün deyil, ümumilikdə hidroloji sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Samur sularının “Ceyranbatan” anbarında ehtiyat kimi toplanması və bu anbarın müasir təmizləyici qurğularla yenidən qurulması uzunmüddətli risklərin qabaqlanmasına yönəlmiş addımlardır.
Müşavirədə dövlətimizin başçısının vurğuladığı məqamlardan biri də işğal dövründə su resurslarından siyasi və hərbi təzyiq aləti kimi istifadə olunması faktı idi. “Sərsəng” və “Suqovuşan” su anbarları üzərində nəzarətin itirilməsi illər boyu ətraf bölgələrdə ciddi humanitar və ekoloji problemlər yaratmışdı. Artıq həmin anbarların, eləcə də “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su obyektlərinin tam bərpası su təhlükəsizliyinin artıq daxili nəzarət altında olduğunu göstərir. Yaxın dövrdə “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisinə başlanması bu xəttin davamı kimi dəyərləndirilir.
Su mənbələrinin coğrafiyası da strateji baxımdan diqqət mərkəzindədir. Resursların mühüm hissəsinin əvvəllər işğal altında olmuş ərazilərdə formalaşması həmin torpaqların qaytarılmasından sonra asılılıq risklərini əhəmiyyətli dərəcədə azaldıb. Bununla yanaşı, Kür, Araz və Samur kimi transsərhəd çaylar iqlim dəyişiklikləri fonunda daha həssas yanaşma tələb edir. Qlobal istiləşmə, yağıntı rejiminin dəyişməsi və su ehtiyatlarının azalması su sektorunda planlamanı daha çevik və texnoloji əsaslı etməyi zəruri edir.
Məhz bu çağırışlar fonunda Bakı şəhəri, onun qəsəbələri, Sumqayıt və Abşeron rayonunu əhatə edən 2026–2035-ci illər üçün Dövlət Proqramı qəbul olunub. Proqramın əsas məqsədi həmin ərazilərin dayanıqlı içməli su ilə təmin olunmasıdır. 10 illik icra müddəti proqramın miqyasını və texniki mürəkkəbliyini aydın göstərir. Maliyyələşmənin həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına həyata keçirilməsi fiskal dayanıqlılıqla inkişaf ehtiyacları arasında balansın qorunduğunu sübut edir. Xarici borcun ÜDM-ə nisbətdə aşağı səviyyədə olması bu istiqamətdə manevr imkanlarını genişləndirir. Dövlətimizin başçısı sözügedən müşavirədəki çıxışında vurğulayıb ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür: “Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Son 20 il ərzində ancaq sadaladığım, - halbuki görülən işlər qat-qat çoxdur, - layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək”.
Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikintisi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təminatın 95 faizə yüksəldilməsi əsas hədəflər sırasındadır. Hazırda su itkilərinin 40–45 faiz səviyyəsində olması problemin miqyasını göstərir və itkilərin azaldılması proqramın ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Eyni zamanda, 200 kilometrdən artıq magistral kanalların və paylayıcı şəbəkələrin yenilənməsi nəzərdə tutulur.
Yağış və tullantı sularının idarə olunması məsələsi də ayrıca blok kimi proqramda yer alıb. Kanalizasiya xidmətinin əhatə dairəsinin 50 faizdən 95 faizə çatdırılması, Bakının 30 küçəsində yeni kollektor şəbəkələrinin qurulması leysan yağışları zamanı yaşanan problemlərin minimuma endirilməsinə xidmət edəcək. Dənizə axıdılan suların tam təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi Xəzər hövzəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır. Proqramın ən yenilikçi komponentlərindən biri isə duzsuzlaşdırma zavodunun inşasıdır. Xarici investisiyalar hesabına həyata keçiriləcək bu layihə Abşeron yarımadasının su balansını əhəmiyyətli dərəcədə gücləndirəcək, eyni zamanda alternativ mənbə kimi riskləri azaldacaq. Bakıya daxil olan beş mövcud su mənbəsinə altıncı mənbənin əlavə olunması sistemin dayanıqlığını artıracaq.
Nəticə etibarilə, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” uzunmüddətli strateji baxışın ifadəsidir. Bu proqram su sektorunda rəqəmsal idarəetmə, SCADA və IoT sistemlərinin tətbiqi ilə şəffaflıq və səmərəliliyi artırmağı, eyni zamanda ekoloji və sosial çağırışlara adekvat cavab verməyi hədəfləyir. Su təhlükəsizliyinin təmin olunması isə gələcək onilliklər üçün sabitlik və rifahın əsas dayaqlarından biri kimi müəyyən edilir.
Bədəl Bədəlov
Milli Məclisin deputatı