Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı sularının sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” təqdim olunub.
Prezident müşavirədə çıxışı zamanı vurğulayıb ki, ölkənin sürətli inkişafı fonunda infrastrukturun, xüsusilə də su təsərrüfatının yenilənməsi zəruri məsələdir. Proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasında əhalinin keyfiyyətli içməli su ilə fasiləsiz təmin olunması, su itkilərinin azaldılması, həmçinin tullantı və yağış sularının idarə olunması sistemlərinin müasirləşdirilməsidir.
Dövlət başçısı qeyd edib ki, bu proqram təkcə texniki yenidənqurma deyil, həm də əhalinin sağlam yaşayış şəraiti ilə təmin olunması və ekoloji təhlükəsizliyin qorunması baxımından vacibdir. Eyni zamanda, mövcud sistemlərin istismar müddəti bitdiyi üçün onların əvəz olunması və müasir texnologiyaların tətbiqi qaçılmazdır.
Müşavirədə bildirildi ki, proqram çərçivəsində yeni su xətləri, kollektorlar, təmizləyici qurğular inşa olunacaq, su anbarları yenidən qurulacaq və mövcud nasos stansiyaları təkmilləşdiriləcək. Layihənin mərhələli şəkildə icrası nəzərdə tutulur və aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Prezident İlham Əliyev proqramın icrasına ciddi nəzarətin olunacağını, ayrılan vəsaitin şəffaf və məqsədyönlü istifadəsinin vacibliyini vurğulayıb. Yeni proqram həm də regionun sosial-iqtisadi inkişafına, əhalinin rifahına və ekoloji balansın qorunmasına əhəmiyyətli töhfə verəcək.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi