Məlum olduğu kimi, ölkəmizdə su ehtiyatlarının idarə olunması sahəsində son beş ildə müşahidə olunan dəyişikliklər təsadüfi addımlar deyil, aydın strateji baxışa söykənən institusional və infrastruktur transformasiyanın nəticəsidir. Yeri gəlmişkən, iqlim dəyişikliklərinin sürətlənməsi, transsərhəd sularından yüksək asılılıq və urbanizasiya fonunda artan tələbat su məsələsini artıq təkcə kommunal xidmət deyil, milli təhlükəsizlik və davamlı inkişaf gündəliyinin əsas mövzularından birinə çevirib.
Qeyd edək ki, 2020-ci ildən etibarən bu sahədə həyata keçirilən islahatlar, ilk növbədə, idarəetmə fəlsəfəsinin dəyişməsi ilə xarakterizə olunur. Dövlət Su Komissiyasının yaradılması, elektron uçot və monitorinq sistemlərinin tətbiqi, daha sonra isə vahid icraçı qurum kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin formalaşdırılması su sektorunda uzun illər mövcud olan parçalanmış idarəetməni aradan qaldırdı. Bu, qərar qəbuletmənin operativliyini artırmaqla yanaşı, su balansının daha dəqiq planlaşdırılmasına imkan verdi. Eyni zamanda, infrastruktur istiqamətində atılan addımlar da diqqətəlayiqdir. Son illərdə həm ölkənin əsas iqtisadi mərkəzlərində, həm də işğaldan azad edilmiş ərazilərdə su anbarlarının bərpası və yenilərinin inşası su təhlükəsizliyinin fiziki əsaslarını gücləndirib. “Suqovuşan”, “Sərsəng”, “Xaçınçay”, “Köndələnçay” və “Zabuxçay” kimi obyektlərin yenidən qurulması təkcə kənd təsərrüfatının su təminatını deyil, regionların sosial-iqtisadi dirçəlişini də stimullaşdırır. Paralel olaraq, böyük tutumlu yeni anbarlar üzrə layihələrin icrası ölkənin gələcək risklərə hazırlıq səviyyəsini artırır.
Onu da qeyd edək ki, Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul edilən 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı bu transformasiyanın məntiqi davamıdır. Burada əsas üstünlük ondan ibarətdir ki, proqram yalnız suyun həcminin artırılmasına deyil, itkilərin azaldılmasına, keyfiyyətin yüksəldilməsinə, kanalizasiya və yağış sularının ayrıca idarə olunmasına yönəlib. Xüsusilə yağış suları üçün kollektor şəbəkələrinin qurulması və rəqəmsal idarəetmə alətlərinin genişləndirilməsi urban mühitin iqlim dəyişikliklərinə adaptasiyası baxımından mühüm addımdır. Ölkəmizin son illərdəki təcrübəsi göstərir ki, su sektorunda böhran idarəçiliyindən qabaqlayıcı planlaşdırmaya keçid artıq baş verib. Monitorinq şəbəkələrinin genişləndirilməsi, SCADA və elektron xəritə sistemləri, sayğaclaşmanın yüksəlməsi və təkrar sudan istifadə təşəbbüsləri bu sahədə müasir beynəlxalq yanaşmalarla uyğunluq təşkil edir.
Ən əsası, bu gün su ehtiyatlarının idarə olunması ölkəmizin dayanıqlı inkişaf modelinin ayrılmaz hissəsinə çevrilib. Qarşıdakı onillik üçün müəyyən edilən hədəflər göstərir ki, dövlət su məsələsinə qısamüddətli texniki problem kimi deyil, uzunmüddətli strateji resurs kimi yanaşır. Bu da həm əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, həm də iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Vüsal Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Su Meliorasiya Sistemləri İstismarı İdarəsi ərazi partiya təşkilatının fəal üzvü