PDF Oxu

Siyasət

  • 533

Strateji əhəmiyyət daşıyan dövlət müşavirəsi - ŞƏRH

image

Məlum olduğu kimi, yanvarın 12-də 2026–2035-ci illəri əhatə edən Bakı və Abşeron yarımadasında su təminatı, habelə yağış və tullantı suları sistemlərinin modernləşdirilməsini hədəfləyən Dövlət Proqramına həsr olunmuş Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Qəbul olunmuş dövlət proqramı ölkəmizdə ekoloji dayanıqlılığı hədəfləyən strateji bir sənəddir. Proqram çərçivəsində köhnəlmiş infrastrukturun yenilənməsi, “ağıllı su şəbəkələri”nin qurulması və su itkilərinin kəskin azaldılması üçün konkret iki mərhələli fəaliyyət planı nəzərdə tutulur. Burada beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması və tullantı sularının təkrar emalı kimi layihələr xüsusi yer tutur.

Müşavirədə Prezident İlham Əliyevin Bakı və Abşeron yarımadasında su təchizatı məsələsini strateji müstəvidə gündəmə gətirməsi və əhatəli Dövlət Proqramının təsdiqi regionun infrastruktur inkişafında mühüm dönüş nöqtəsidir. 2026-2035-ci illər üçün nəzərdə tutulan tədbirlər su təchizatı probleminin kompleks həllini, həyat keyfiyyətinin yaxşılaşdırılmasını və davamlı inkişafın təmin edilməsini hədəfləyir. Proqramın uğurla həyata keçirilməsi paytaxtın müasir standartlara cavab verən su təchizatı sisteminə malik olmasını təmin edəcək və gələcək nəsillər üçün etibarlı infrastruktur bazası yaradacaq. Bu, yalnız texniki məsələ deyil, həm də sosial rifahın və milli inkişafın tərkib hissəsidir.

Bakı şəhəri və Abşeron yarımadası Azərbaycanın ən sıx məskunlaşan və iqtisadi cəhətdən ən fəal regionudur. Bu səbəbdən su təchizatı, kanalizasiya və yağış suları sistemləri burada həm sosial rifahın, həm də dayanıqlı iqtisadi inkişafın əsas dayaqlarından sayılır. Müşavirədə müzakirə olunan 2026–2035-ci illər üzrə Dövlət Proqramı məhz bu reallıqdan çıxış edərək su sektoruna yeni idarəetmə və investisiya fəlsəfəsi gətirir: resursu artırmaqla yanaşı, itkiləri azaltmaq, sistemləri bir-biri ilə əlaqəli şəkildə yeniləmək və rəqəmsal nəzarət mexanizmlərini geniş tətbiq etmək.

Şəhər həyatında ən çox görünən problemlərdən biri də leysan yağışları zamanı yaranan daşqınlar, yolların bağlanması və nəqliyyatın iflic olmasıdır. Dünya təcrübəsi göstərir ki, hətta ən inkişaf etmiş ölkələrdə belə güclü yağışlar şəhər infrastrukturunu sınağa çəkir. Lakin bu, problemin qəbul edilməsi deyil, onunla mübarizənin sistemləşdirilməsi üçün əsasdır. Dövlət Proqramında Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması kimi hədəfli tədbirlərin yer alması, “zəif nöqtələr”in xəritələndirilməsi və prioritetləşdirilməsi baxımından mühüm addımdır. Yağış sularının separasiya olunmuş şəkildə toplanması, təmizlənməsi və bəzi hallarda texniki məqsədlər üçün istifadəsi həm daşqın riskini azaldır, həm də su ehtiyatlarına əlavə dəstək verir.

Dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı böyük beynəlxalq təcrübə mövcuddur. Xəzər dənizinə gəldikdə isə, bu təcrübədən ilk dəfə 1960-cı illərdə Qazaxıstanda istifadə olunub. O zaman burada tikilmiş böyük zavodda duzsuzlaşdırılmış sudan, təxminən, 1 milyon əhali istifadə edib. Həmin su məişətdə, kənd təsərrüfatında, yaşıllıqların suvarılmasında və digər sahələrdə geniş tətbiq olunur. Bu təcrübə dünyanın su qıtlığı müşahidə olunan ölkələrində, xüsusən də Hind okeanı sahillərində geniş yayılıb. Hətta bəzi şirkətlər, məsələn, Hind Okeanı və Fars Körfəzi ərazilərində neft çıxarılan platformalarda belə, duzsuzlaşdırılmış sudan istifadə edirlər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahə ilə bağlı imzaladığı sərəncam xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycan Cənubi Qafqazda su ehtiyatları baxımından ən az inkişaf etmiş ölkələrdən biridir. Bu səbəbdən Xəzər dənizindən əldə ediləcək duzsuzlaşdırılmış sudan geniş istifadə etmək mümkündür. Məsələn, Bakı şəhəri və ətraf ərazilərdə əhalinin 60 faizindən çoxu Xəzər sahilindəki su potensialından faydalanmaq imkanı əldə edə bilər. Bu baxımdan Xəzər sahilində belə bir zavodun tikintisi su qıtlığının aradan qaldırılmasına mühüm töhfələr verəcək. Çünki əhalimizin suya olan tələbatı bunun hesabına təmin olunacaq.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Digər xəbərlər