PDF Oxu

Siyasət

  • 1 011

Su təchizatı layihələri həyata keçirilən uğurlu sosial siyasətin məntiqi nəticəsidir - ŞƏRH

image

Su kimi müqəddəs nemətin qorunması, onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər üçün etibarlı mənbələrin formalaşdırılması müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış məqsədyönlü siyasətinin əsas istiqamətini təşkil edir. Son 20 ildə Bakı və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Ərazidə 480 kilometr magistral içməli su kəməri, 262 kilometr Oğuz–Qəbələ–Bakı və 84 kilometr Ceyranbatan–Zirə magistral su kəmərləri, həmçinin yağış kanalizasiya və tullantı suları kollektorları inşa olunub. Sumqayıt, Buzovna, Pirşağı və Şüvəlan qəsəbələrində tullantı sularının təmizlənməsi qurğuları fəaliyyətə başlayıb. Həyata keçirilən bu tədbirlər əhalinin fasiləsiz su təminatının gücləndirilməsinə, ətraf mühitin qorunmasına və su resurslarının səmərəli idarə olunmasına mühüm töhfə verib. Lakin iqlim dəyişikliyi, şəhərləşmə və sənayeləşmə suya tələbatı artırır, mövcud kanalizasiya şəbəkələri isə müasir standartlara cavab vermir. Nəticədə, fasiləsiz və dayanıqlı su təminatı üçün köhnəlmiş infrastruktur və idarəetmə sistemlərinin yenilənməsi zərurəti ortaya çıxır. Dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıqların artdığı bir şəraitdə yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələləri müzakirə edilib, su təsərrüfatı sahəsində görülən işlərlərdən danışılıb. Ölkə başçısı deyib ki, son 20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur: “Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir”.

Dövlət Proqramının icrası nəticəsində içməli su mənbələrinin dayanıqlılığının artırılması, su anbarlarının, eləcə də supaylayıcı şəbəkələrin inkişaf etdirilməsi, suyun uçot sisteminin təkmilləşdirilməsi, yağış və tullantı suları sistemlərinin yenilənməsi və alternativ su mənbələrinin istifadəyə cəlbinə nail olunması nəzərdə tutulur. Dövlət Proqramında, həmçinin Bakı şəhərinin Baş planı ilə uzlaşdırılaraq, uzunmüddətli strateji hədəflər və icra mexanizmləri müəyyən edilib.

Azərbaycan lideri sözügedən Dövlət Proqramına həsr olunan müşavirədə Proqramın icrasına xüsusi diqqət çəkərək qeyd edib ki, sənədin həyata keçirilməsi üçün maliyyə mənbələri artıq müəyyənləşdirilib. Proqram həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşdiriləcək. İcra çərçivəsində təxminən 30 yeni su anbarının tikintisi nəzərdə tutulur ki, bu da genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılması deməkdir.

Eyni zamanda, sayğaclaşdırmanın 100 faizə çatdırılması planlaşdırılır. Hazırda fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı 70 faiz təşkil etdiyi halda, Proqramın icrası nəticəsində bu göstəricinin 95 faizə yüksəldilməsi hədəflənir. Layihənin həyata keçirilməsi Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində su təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verəcək. Bununla yanaşı, 200 kilometrdən artıq magistral kanalların və eyni həcmdə paylayıcı şəbəkələrin tikintisi və yenidən qurulması nəzərdə tutulur. Qəbul edilən dövlət proqramı irəliyə doğru atılmış mühüm addımdır və gələcəkdə su təchizatının yaxşılaşdırılmasında alternativ su mənbələrindən istifadənin genişləndirilməsinə ciddi töhfə verəcək. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi :”İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir.”

Hüseyn Süleymanov

YAP Kəngərli rayon təşkilatının sədr müavini

Digər xəbərlər