PDF Oxu

Siyasət

  • 974

Bu gün Azərbaycanın əsas məqsədi regionda davamlı sülhü, təhlükəsizliyi və təbii resurslardan ədalətli istifadəni təmin etməkdir

image

Uzun illər ərzində Ermənistan dövləti Azərbaycan xalqına qarşı yalnız hərbi və siyasi təcavüzlə kifayətlənməmiş, eyni zamanda su resurslarından təzyiq və şantaj vasitəsi kimi istifadə etmişdir. Bu siyasət beynəlxalq hüquqa zidd olmaqla yanaşı, açıq-aşkar humanitar cinayət xarakteri daşıyır.

Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərdə yerləşən su anbarları, xüsusilə Sərsəng su anbarı uzun illər Azərbaycan əhalisinə qarşı “su terroru” alətinə çevrilmişdir. Qış aylarında süni şəkildə suyun həddindən artıq buraxılması nəticəsində Tərtər, Ağdam, Bərdə və digər rayonlarda kənd təsərrüfatına, infrastruktura və yaşayış məntəqələrinə ciddi ziyan vurulmuş, yay aylarında isə suyun qarşısı kəsilərək minlərlə hektar əkin sahəsi susuzluğa məruz qoyulmuşdur.

Bu məqsədli və sistemli siyasət nəticəsində yüz minlərlə insanın normal həyat şəraiti pozulmuş, ekoloji tarazlıq təhlükə altına düşmüşdür. Su kimi həyati əhəmiyyət daşıyan bir resursun silaha çevrilməsi Ermənistanın qeyri-insani və destruktiv siyasətinin bariz nümunəsidir.

Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı dəfələrlə mövqe ifadə etsələr də, Ermənistan uzun müddət məsuliyyətdən yayınmışdır. Halbuki su resurslarından bu cür istifadə beynəlxalq humanitar hüququn və ekoloji təhlükəsizlik prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Azərbaycan dövləti bu faktları daim dünya ictimaiyyətinin diqqətinə çatdırmış, su terroruna son qoyulmasını tələb etmişdir. 2020-ci ildə əldə edilən tarixi Zəfərdən sonra bu təhlükənin böyük hissəsi aradan qaldırılmış, regionda su təhlükəsizliyinin təmin olunması istiqamətində real imkanlar yaranmışdır.

Bu gün Azərbaycanın əsas məqsədi regionda davamlı sülhü, təhlükəsizliyi və təbii resurslardan ədalətli istifadəni təmin etməkdir. Su terroru kimi qeyri-insani vasitələr isə tarixdə qalmalı və bir daha təkrarlanmamalıdır.

Cahandur Məhərrəmov

YAP Şərur rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər