Azərbaycanın otuz illik sosial-iqtisadi inkişaf mənzərəsi bu mənzərənin əsasını yaradan Ümummilli Liderimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyasının praktiki təsdiqidir. Təqdiredici məqamdır ki, bu yanaşma respublikamızın timsalında artıq beynəlxalq miqyasda qəbul olunan, rəğbət qazanan, təsdiqini tapan vahid inkişaf tendensiyasına çevrilib. Bəli, dünya nizamının dəyişilməsi fonunda baş verən qlobal xarakterli ictimai-siyasi proseslər, yeni, innovativ texnologiyaların istehsalata tətbiqi ölkələr arasında gün ötdükcə iqtisadi rəqabəti xeyli artırmaqla dayanıqlıq, davamlılıq prinsiplərini daha da ön plana çıxarır. Prezident İlham Əliyevin praqmatik siyasətinin, məharətli diplomatiyasının nəticəsidir ki, respublikamız nəinki regionda, Cənubi Qafqazda, hətta qitə, materik, dünya səviyyəsində öz iqtisadi müstəqilliyi ilə tanınan, etibar qazanan strateji tərəfdaş statusuna malik olub.
Müasir dünyada su resurslarının idarə olunması kommunal təsərrüfat problemi olmaqla bərabər, iqtisadi inkişafın, sosial rifahın və ekoloji təhlükəsizliyin əsas şərtlərindən biridir. Xüsusilə iqlim dəyişikliklərinin təsiri, urbanizasiyanın sürətlənməsi və əhalinin artımı fonunda böyük şəhərlərdə su təchizatı, eləcə də tullantı sularının idarə edilməsi strateji önəm daşıyır. Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən müşavirə də məhz bu reallıqlar fonunda Bakı şəhəri və Abşeron yarımadası üçün uzunmüddətli, sistemli və dayanıqlı yanaşmanın formalaşdırılması istiqamətində atılan əhəmiyyətli bir addımdır.
Azərbaycan lideri çıxışında Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramının paytaxt və ətraf ərazilərdə su təsərrüfatının bütün zəncirini – içməli su mənbələrindən tutmuş yağış və tullantı sularının təhlükəsiz şəkildə idarə edilməsinədək olan mərhələni vahid konsepsiya çərçivəsində birləşdirən mühüm sənəd kimi dəyərləndirərək deyib: “Bu proqramın əsas məqsədi, qeyd etdiyim kimi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib”.
Prezident İlham Əliyevin Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilən Dövlət Proqramı 2026−2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Bu çərçivədə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, “ağıllı su şəbəkələri”nin qurulması və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Bu mərhələdə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastruktur yaradılacaq, eləcə də su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması üçün tədbirlər görüləcəkdir.
2031−2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək. Bu məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması istiqamətində tədbirlər görüləcək.
Bu gün Prezident İlham Əliyevin siyasi qətiyyəti, uğurlu diplomatiyası ilə Azərbaycan dünyada sözün əsl mənasında böyük nüfuz və rəğbət qazanan unikal iqtisadi-inkişaf modeli formalaşdırıb. İqtisadi qüdrətimizin ən bariz forması özünü bu gün qalib, müzəffər olan güclü ordunun, heç bir xarici maliyyə yardımı almadan yenidən qurulan Qarabağın, respublikamızın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyinə layiq görülməsinin və ən nəhayət, ötən il avqustun 8-də Vaşinqtonda təntənəsini yaşayan diplomatiyanın timsalında göstərir. Respublikamızın ABŞ, Çin kimi dünya nəhəngləri ilə birgə strateji tərəfdaşlıq yoluna qədəm qoyması, mühüm əməkdaşlıqlara imza atması bu baxımdan təsadüfi deyil, praqmatik yanaşma, prinsipial mövqe və ən əsası iqtisadi müstəqilliyin təntənəsidir.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi