15 yanvar 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 2025-ci ilin yekunu və 2026-cı ildə qarşıda duran vəzifələr ilə əlaqədar Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Seyfəddin Əliyev qeyd etmişdir ki, Müasir Azərbaycanın qüdrətli dövlət kimi formalaşması, milli maraqların qorunması və ölkəmizin inkişaf strategiyasının müəyyənləşdirilməsi Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. Onun yaratdığı möhkəm təməl üzərində bu gün ölkəmiz daha da uğurla irəliləyir, yeni nailiyyətlər qazanır. Ulu Öndərin siyasi xəttini böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində respublikamızda davamlı inkişaf, yeniləşmə və rifah mühiti formalaşıb. Bu siyasət nəticəsində Azərbaycan iqtisadi cəhətdən daha güclü, sosial baxımdan daha dayanıqlı dövlətə çevrilib, beynəlxalq arenada söz sahibinə dönüb. Bu gün ölkəmizin hər bir bölgəsində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bu uğurlar Heydər Əliyev yolunun yaşayaraq gələcəyə inamla aparıldığını bir daha təsdiq edir. 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, torpaqlarımızın işğaldan azad olunması, üçrəngli bayrağımızın yenidən Qarabağ səmasında dalğalanması — bütün bunlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsinin, dəmir məntiqinin, böyük siyasi uzaqgörənliyinin və xalqına olan sonsuz sevgisinin nəticəsidir. Bizə bu tarixi Zəfəri yaşadan, xalqımızın uzun illərdən bəri həsrətində olduğu ədaləti bərpa edən möhtərəm Prezidentimizə minnətdarlığımız sonsuzdur.
Seyfəddin Əliyev bildirmişdir ki, bu gün Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident, partiyanın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə modernləşmə, inkişaf və tərəqqi yolunda yeni mərhələ yaşayır. YAP ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, demokratik ənənələrin möhkəmləndirilməsi prosesində fəal iştirak edir və bu istiqamətdə davamlı töhfələr verir. Dövlətimizin hər bir sahədə əldə etdiyi nailiyyətlərdə, beynəlxalq mövqeyinin güclənməsində, Azərbaycanın dünyada nüfuzlu və etibarlı tərəfdaş kimi tanınmasında Yeni Azərbaycan Partiyasının xüsusi rolu var.
Bu gün YAP sadiq olduğu Ulu Öndər yolunu qətiyyətlə davam etdirərək, xalqın iradəsini, dövlətin gücünü və millətin birliyini təcəssüm etdirən nəhəng bir siyasi qüvvəyə çevrilib. Onun fəaliyyəti Azərbaycan dövlətinin yüksəlişinə, sabitliyinə və gələcəyə doğru inamla irəliləməsinə xidmət edir. Yeni Azərbaycan Partiyası – bu gün də olduğu kimi, qarşıdakı illərdə də ölkəmizin tərəqqisinin, milli birliyimizin və dövlətçilik yolumuzun avanqardı olaraq qalacaqdır.
Seyfəddin Əliyev qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı əvvəlki illərdə olduğu kimi 2025-ci il ərzində də fəaliyyətini Yeni Azərbaycan Partiyası qurultayının qarşımıza qoyduğu vəzifələri həyata keçirmək, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıqlarını icra etmək və rayonumuzun bütün ictimai-siyasi həyatında yaxından iştirak etməkdən ibarət olmuşdur. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı öz fəaliyyətini “Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında əsasnamə”sinə eləcə də rayon təşkilatının İş Planlarına uyğun olaraq qurmuş, qarşıda duran vəzifələr uğurla icra edilmişdir. Rayon təşkilatı partiya üzvlərinin fəallıqlarının artırılması, ərazi partiya təşkilatları və partiya fəalları ilə ardıcıl və səmərəli işlərin aparılması təmin etmiş, ictimai və siyasi, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, şəhid ailələri və qazilərə qayğı göstərilməsi istiqamətində müxtəlif layihə, tədbir və aksiyalar keçirmişdir.
Qeyd olunub ki, rayon təşkilatının 2025-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub.
Seyfəddin Əliyev onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixində Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn müddəaların icra edilməsi ilə bağlı təşkilatımız tərəfindən “Ulu Öndər Heydər Əliyev-müstəqil Azərbaycan konstitusiyasının müəllifidir”, “Qalib, suveren ölkənin gəncləri”, “Müstəqil Azərbaycanın ilk konstitusiyası”, “Ulu Öndər Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyası”, “Hüquqi dövlətin əsaslarını yaradan lider”, “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Müstəqil Azərbaycan Konstitusiyası-30” və s. mövzularda tədbirlər, ağacəkmə aksiyaları, “Hər vətəndaşın qanun kitabı” adlı kitab sərgisi təşkil edilmişdir.
Seyfəddin Əliyev Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar rayon təşkilatımızda vəzifələrin müəyyən edildiyini diqqətə çatdırdı.
Müşavirədə Mahmudavar ərazi partiya təşkilatının sədri Xanım Əliyeva, Təklə ərazi partiya təşkilatının sədri Elşən Bəşirzadə, Kolatan ərazi partiya təşkilatının sədri Rauf Cəbiyev, Babaser ərazi partiya təşkilatının sədri Nərgiz Məmmədova və başqalarının 2025-ci ildə gördüyü işlər dinlənilmiş və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Çıxışlardan sonra partiya həyatında fəal iştirakına görə bir qrup YAP üzvü rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələri ilə təltif edilmişlər.