Xalqımızın qan yaddaşına yazılan 20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsi, iftixar günüdür.Yanvarın19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını,Vətənə torpağa sədaqətini bütün dünyaya nümayiş etdirdilər.
Bu hadisə yalnız bir qırğın deyil, xalqın azadlıq iradəsinə qarşı yönəlmiş açıq təcavüz idi. Lakin bu faciə xalqın qorxmasına deyil, daha da birləşməsinə səbəb oldu. Sovet rejimi Azərbaycan xalqının azadlıq istəyini silah gücü ilə boğmaq istəsə də, əks nəticə aldı. Ümummilli Lider Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Azərbaycan xalqıına qarşı törədilən cinayətə ilk dəfə etirazını bildirmiş, faciəni törədənlərin məsuliyyətə cəlb olunmalarını tələb etmişdir.
Ulu Öndərin bu qətiyyətli mövqeyi, vətəninə, xalqına qarşı necə sadiq olduğunu bir daha sübut etdi və bu cəsarətli addım Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini daha da artırdı.
20 Yanvar hadisələri göstərdi ki, azadlıq arzusu güllə ilə susdurula bilməz. Şəhidlərin qanı xalqın milli şüurunu oyatdı, müstəqillik yolunda geri dönüşü olmayan bir mərhələnin əsasını qoydu. Məhz bu hadisədən sonra Azərbaycan cəmiyyəti sovet əsarətindən qurtulmağın zəruriliyini daha dərindən dərk etdi.
Ulu Öndərimizin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi dövrdə 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verilmisdir.Ulu Öndərimizin rəhbərliyi ilə Ali Məclis 1990-cı il noyabr tarixli ,,1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında’’ qərar qəbul etmiş, həmin qərarda 20 Yanvarın hər il Naxçıvan Muxtar Respublikasında ,,Milli Matəm Günü’’ kimi qeyd olunması öz əksini tapmışdır.1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış ,,1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı’’ qəbul olunmuşdur.
20 Yanvar təkcə matəm günü deyil, həm də qəhrəmanlıq günüdür. Bu tarix bizə azadlığın dəyərini, Vətən uğrunda canından keçənlərin fədakarlığını xatırladır. Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq və onların açdığı azadlıq yolunu daim qoruyacaq.
20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Milli birlik və vətənpərvərliyin simvoluna çevirilmiş 20 Yanvar xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəf tarixidir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi,adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daima diqqət mərkəzində saxlayir, və bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi, şəhidlərimizin qisasının alınması, ərazi bütövlüyümüzün təmin edilməsi, tarixi ədalətin öz yerinin tapması şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. 20 Yanvar isə qəhrəmanlıq tariximizin baslanğıcıdır. Nə qədər ki, Azərbaycan var, şəhidlərimizin də xatirəsi əbədi yaşayacaqdır.
Vüqar Həsənli
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi