PDF Oxu

Siyasət

  • 610

“Azərbaycan Mədəniyyəti – 2040” - TƏHLİL

image

Hüquqi, dünyəvi və demokratik dövlət, sosial rifah və mədəni müxtəliflik prinsiplərinin dərin kök saldığı müasir Azərbaycanda mədəniyyətin intibahı dövrün regional və qlobal çağırışları müstəvisində mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında yeni milli ideologiyanın və buna əsaslanan yeni mədəniyyət siyasətinin formalaşdırılmasını şərtləndirir. “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla, Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün dövlət mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədidir. Sağlam mədəni və yaradıcı həyat tərzi fərdin, cəmiyyətin, dövlətin, habelə xalqın inkişafına hər zaman əhəmiyyətli təsir göstərmişdir. Mədəniyyətin həyat tərzinin tərkib hissəsi olması bu inkişafın əsas amillərindəndir. Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirəcəkdir. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcəkdir. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcəkdir.

Azərbaycan mədəniyyətinin müasir modeli fərdin mədəni həyatda daha geniş və yaradıcı iştirakına şərait yaratmaqla, dövlətin sosial, siyasi, iqtisadi və digər sahələrdə qarşısına qoyduğu strateji məqsəd və hədəflərə daha sürətlə çatmasına imkanlar açır. Bu model Azərbaycan Respublikasında dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin bərqərar olması, ölkənin rəqabətli insan kapitalı və innovasiyalar məkanına çevrilməsi üçün əsas vasitələrdən biri kimi çıxış edir. Sənədə əsasən, Konsepsiyanın uğurla həyata keçirilməsi və müasir mədəniyyət modelinin işlək olması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, idarəetmə formasının, müasir sosial-iqtisadi yanaşmanın və ahəngdar fəaliyyətin təmin edilməsi zəruridir. Azərbaycan Respublikasının mədəniyyət siyasəti dövlət siyasətinin tərkib hissəsi olmaqla, mədəni həyatın təmin edilməsi üçün əlverişli mühit yaradılmasına, milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətin tərbiyə potensialına və şəxsiyyətin formalaşması prosesində mədəniyyətdən istifadəyə əsaslanan istiqamətdir. Mədəniyyət sahəsində dayanıqlı inkişafa və Konsepsiyada müəyyən edilən məqsədlərə nail olmaq üçün bu sahədə dövlət siyasətinin mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi zəruridir. Konsepsiya çərçivəsində Azərbaycan mədəniyyətinin müasir modeli aşağıdakıları nəzərdə tutur.

Konsepsiyanın aşağıdakı mərhələlərdə tədbirlər planları əsasında həyata keçirilməsi nəzərdə tutulur: birinci mərhələ: 2026–2030-cu illər; ikinci mərhələ: 2031–2035-ci illər; üçüncü mərhələ: 2036–2040-cı illər. Növbəti mərhələ üzrə tədbirlər planı əvvəlki mərhələ üçün tədbirlər planının nəticələrinin qiymətləndirilməsi əsasında tərtib edilir. Onu da bildirək kı, Konsepsiya çərçivəsində aşağıdakı dövlət proqramlarının layihələrinin hazırlanması nəzərdə tutulur: 1. Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı; 2. Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı; 3. İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı; 4. Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı; 5. Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı; 6. Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı. Bundan əlavə, Konsepsiyanın əsas hədəflərindən biri də Azərbaycanın öz tarixi coğrafiyasına mədəni qayıdışını, Azərbaycan xalqının məhv edilən və dağıdılan tarixi mədəni irsinin bərpasını təmin etmək, birləşdirici amil kimi Azərbaycan dilinin regional rolunun bərpasına nail olmaqdır. Təşkilatlanmış mədəni iştirakçılıq Azərbaycan Respublikasının regional maraqlarının səmərəli şəkildə təmin edilməsində və qonşu ölkələrlə dostluq münasibətlərinin gücləndirilməsində mühüm rol oynayacaqdır.

Konsepsiyanın icrası nəticəsində hədəflərə nail olunması nəzərdə tutulur. Belə ki, Azərbaycanın mədəniyyət dəyərlərinin qorunması və Azərbaycan mədəniyyətinin mütərəqqi modelinin formalaşdırılması, Azərbaycan dilinin dünya dilləri arasında mövqeyinin möhkəmləndirilməsi, regional ünsiyyət vasitəsi kimi rolunun artırılması, beynəlxalq səviyyədə təbliğinin və təşviqinin genişləndirilməsidir. Eyni zamanda yeni kommunikasiya modellərinin və alətlərinin tətbiqi vasitəsilə, həmçinin mədəniyyətin həyat tərzinin tərkib hissəsinə çevrilməsini təmin etməklə cəmiyyətdə ünsiyyətin və sosial əlaqələrin keyfiyyətinin artırılması, mədəni irsin müəyyən edilməsi, araşdırılması, bərpası, qorunması və təbliği sahəsində mütərəqqi sistemin yaradılması və digər məsələlər nəzərdə tutulur.

Azərbaycan mədəniyyətinin müasir modeli qlobal çağırışlara cavab verməklə yanaşı, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasını təmin edən mədəniyyət modelidir. Bu məqsədlə Konsepsiya milli mədəniyyətə yeni strateji baxışı şərtləndirir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər