Tariximizin qəhrəmanlıq salnaməsi, xalqımızın vətənpərvərlik nümunəsi, azadlıq mübarizəsinin rəmzi, iftixar günümüz olan 20 Yanvardan illər ötsə də, bu tarix xalqımızın yaddaşına əbədi həkk olunub. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilmədi, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirdilər. Azərbaycan övladları ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya göstərərək 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu tarix Azərbaycan xalqının əyilməz bir xalq olduğunu, müstəqilliyi pay olaraq deyil, haqqı olaraq qazandığını sübut edir.
Yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın tarixinə qanla yazılmış bir səhifədir. Bu səhifəni təkcə faciə adlandırmaq olmaz. Bu, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyinin oyanış günüdür. Uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: ” Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.”
20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqı daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç-üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.
Bu qanlı terror aktına ilk dəfə öz etirazını bildirən Ümummilli Liderimiz Heydər Əliyev olmuşdur. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, bu cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham etmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının ən çətin anında Moskvadan doğma Vətəninə qayıdanda Azərbaycan çox ağır günlərini yaşayırdı. Respublikamız parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Xalqımızın böyük oğlu Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təzyiq və hədələr gözləyirdi. Buna baxmayaraq, Ulu Öndər Vətənə döndü. Böyük siyasətçinin öz xalqına olan sevgisi, xalqın da Ümummilli Liderimizə inamı məkrli qüvvələrin arzularını ürəklərində qoydu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında Ümummilli Liderimiz tərəfindən hazırlanan və Onun təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi.
20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilib. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Heydər Əliyev bu haqda demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”
Məhz həqiqətləri dünyaya çatdırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda önəmli addımlar atıldı. Belə ki, “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 29 mart 1994-cü il tarixində “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Qanlı hadisələrdən 36 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş günlərin acısını unutmur, öz vətəndaşlarına qarşı kütləvi qırğınlar törədən sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir. 20 Yanvar qətliamı ərəfəsində yaşanan proseslər Azərbaycan xalqının siyasi özünüdərkinin inkişafına təkan verdi və Azərbaycan vətəndaşlarının öz respublikasının ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu nümayiş etdirdi. O müdhiş gecədə doğma torpağının, xalqının azadlığı uğrunda, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları şəhidlik zirvəsinə ucalaraq canlarından keçdilər. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Tarixi Zəfərimiz, müstəqil və qüdrətli Azərbaycan isə şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri