Azərbaycan xalqının tarixində 20 Yanvar faciəsi təkcə ağır bir cinayət aktı deyil, eyni zamanda milli oyanışın, azadlıq və suverenlik uğrunda mübarizənin dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu qanlı hadisədən 36 il keçməsinə baxmayaraq, 1990-cı il yanvarın 20-də Sovet imperiyasının Bakıda və respublikanın digər bölgələrində törətdiyi qətliam xalqımızın yaddaşında silinməz izlər buraxmışdır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının hərbi birləşmələri fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridildi. Dinc əhaliyə qarşı ağır texnika, tanklar və avtomat silahlar tətbiq olundu. Nəticədə 150-dən çox insan həlak oldu, yüzlərlə vətəndaş yaralandı, minlərlə insanın hüquqları kobud şəkildə pozuldu. Bu hadisə beynəlxalq hüququn, insan hüquqları və humanitar prinsiplərin açıq şəkildə tapdalanması idi.
20 Yanvar hadisələri sübut etdi ki, Sovet rejimi artıq özünü siyasi və mənəvi cəhətdən iflasa uğratmış, xalqların azad iradəsinə qarşı zorakılığı yeganə vasitə kimi seçmişdir. Bu, imperiyanın süqutunun başlanğıcı oldu.
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq ruhunu sındırmadı, əksinə onu daha da möhkəmləndirdi. Qanla boğulmaq istənilən milli azadlıq hərəkatı daha geniş vüsət aldı. Xalq anladı ki, müstəqillik yalnız siyasi bəyanatlarla deyil, qurbanlar hesabına əldə edilə bilər.
Bu faciə Azərbaycan xalqının milli kimliyini, dövlətçilik şüurunu gücləndirdi və 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına aparan yolu sürətləndirdi. 20 Yanvar şəhidlərinin qanı müstəqil Azərbaycan dövlətinin təməlində mühüm yer tutur.
20 Yanvar hadisələrinə ilk dəfə açıq və prinsipial siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev verdi. 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edən Ulu Öndər Heydər Əliyev Sovet rəhbərliyini açıq şəkildə ittiham etdi, bu hadisəni Azərbaycan xalqına qarşı törədilmiş cinayət adlandırdı. Bu cəsarətli mövqe həmin dövrün siyasi reallıqları fonunda böyük tarixi əhəmiyyət daşıyırdı.
Məhz Ulu Öndərin rəhbərliyi ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verdi və bu faciə dövlət səviyyəsində milli matəm günü kimi təsbit olundu.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulur, onların qəhrəmanlığı gənc nəsillərə dövlətçilik ruhunda aşılanır. Şəhidlər xiyabanı milli ziyarətgaha çevrilmiş, 20 Yanvar faciəsi Azərbaycan tarixinin dərs vəsaitlərində, elmi araşdırmalarda və beynəlxalq platformalarda obyektiv şəkildə təqdim olunur.
Eyni zamanda, Azərbaycan dövləti bu gün güclü, müstəqil və suveren siyasəti ilə sübut edir ki, 20 Yanvar şəhidlərinin arzuları reallığa çevrilib. Qarabağın azad edilməsi, ərazi bütövlüyünün və suverenliyin tam bərpası bu tarixi yolun məntiqi nəticəsidir.
20 Yanvar faciəsi Azərbaycan xalqı üçün həm dərin hüzn, həm də böyük qürur günüdür. Bu tarix bizə azadlığın qiymətini, dövlətçiliyin məsuliyyətini və milli birliyin gücünü xatırladır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyərək bir daha təsdiq edirik ki, Azərbaycan xalqı heç vaxt zorakılıq qarşısında geri çəkilməyib və çəkilməyəcək.
20 Yanvar faciəsinin 36-cı ildönümündə bir daha bəyan edirik ki, bu qanlı hadisə Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, xalqımızın azadlıq əzmini daha da gücləndirdi və müstəqil, güclü Azərbaycan dövlətinin qurulmasına aparan tarixi yolu müəyyənləşdirdi.
20 Yanvar şəhidlərinin xatirəsi daim qəlbimizdə yaşayacaq, onların müqəddəs qanı ilə yazılmış tarix gələcək nəsillərə milli qürur və vətənpərvərlik dərsi olaraq ötürüləcək.
Şəhidlərimizə əbədi ehtiramla!
Nicat İsmayılov
YAP Yasamal rayon təşkilatının fəalı