1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib.
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq iradəsinin zor gücü ilə boğulmasına yönəlmiş ağır cinayət idi. 1990-cı ilin yanvarında sovet ordusunun Bakıya yeridilməsi dinc əhaliyə qarşı kütləvi zorakılıqla müşayiət olundu. Bu qanlı hadisə imperiya siyasətinin mahiyyətini bütün çılpaqlığı ilə üzə çıxardı.
20 Yanvar Azərbaycan xalqının müstəqillik yolunda geri dönüşü olmayan mərhələyə qədəm qoyduğunu göstərdi. Faciə xalqın qorxu içində susdurulması deyil, əksinə milli birliyin möhkəmlənməsi ilə nəticələndi. Şəhidlərin tökülən qanı müstəqil dövlətin təməlini qoyan müqəddəs qurban oldu.
20 Yanvar şəhidlərinin xatirəsi azadlığın qiymətini xatırladan tarixi yaddaş kimi yaşayır. Bu gün müstəqil Azərbaycan 20 Yanvar şəhidlərinin ideallarına söykənərək inkişaf edir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı