PDF Oxu

Siyasət

  • 1 320

20 Yanvar şəhidlərinin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - ŞƏRH

image

Azərbaycan xalqının müasir tarixində 20 Yanvar faciəsi həm böyük faciə, həm də milli qürur səhifəsi kimi əbədi həkk olunmuşdur. 1990-cı il yanvarın 20-də sovet imperiyası özünün son nəfəsində Azərbaycan xalqının azadlıq istəyini boğmaq məqsədilə Bakıya və ölkənin bir sıra bölgələrinə qoşun yeritdi. Dinc əhaliyə qarşı həyata keçirilən bu hərbi təcavüz nəticəsində yüzlərlə insan şəhid oldu, minlərlə insan yaralandı.Bu hadisə təkcə hərbi cinayət deyil, həm də insanlığa qarşı ağır cinayət idi. Tankların, zirehli texnikanın şəhərə yeridilməsi, mülki vətəndaşların – qadınların, uşaqların, yaşlı insanların belə amansızlıqla qətlə yetirilməsi sovet rejiminin əsl mahiyyətini açıq şəkildə göstərdi.

20 Yanvar şəhidləri öz canları bahasına Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsini bütün dünyaya nümayiş etdirdilər. Həmin gecə tökülən qan xalqımızın milli oyanışını daha da gücləndirdi və azadlıq mübarizəsinin dönüş nöqtəsinə çevrildi. Məhz bu faciədən sonra müstəqillik ideyası geri dönüşü olmayan bir yola qədəm qoydu.

Müstəqil Azərbaycan dövlətinin tarixinə qanla yazılan 20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirdi. Tarixə qanla yazılan o dəhşətli geçə uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlığı, suverenliyi uğrunda mübarizəsinə təkan oldu, ən əsası isə SSRİ adlanan nəhəng imperiyanın çökməsinə şərait yaratdı. Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladları 1990-cı ilin 20 yanvar gecəsini yeni tariximizə həm də bir qürur günü, qəhrəmanlıq səhifəsi kimi yazdılar.

Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən lider olmuşdur. O, Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin cinayətkar əməllərini açıq şəkildə pisləmiş və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmişdir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən, həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi. Ulu Öndərin bu cür cəsarətli addımı xalqı da cəsarətləndirdi.

Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin ikinci yarısında yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəmədi. Bu məqsədlə bir sıra mühüm qərarlar qəbul etdi, sərəncamlar imzaladı. Bu gün də Ümummilli Liderin layiqli davamçısı Qalib ölkəmizin Qalib Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə xüsusi diqqət yetirilir, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin xatirəsinə xüsusi ehtiram göstərilir. 20 Yanvar şəhidlərinin ailələrinə dövlət qayğısı, sosial dəstək tədbirləri, Şəhidlər xiyabanının qorunması və abadlaşdırılması bu siyasətin bariz nümunəsidir. Hər il minlərlə insan 20 Yanvar günü Şəhidlər xiyabanını ziyarət edərək öz minnətdarlığını və ehtiramını bildirir. Uzun bir zaman keçməsinə baxmayaraq, Qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşilən bütün haqsızlıqlar, ədalətsizliklər ürək ağrısı ilə xatırlanır.

20 Yanvar günü sadəcə anım günü deyil – bu gün milli birlik, vətənpərvərlik və azadlıq ruhunun təntənəsidir, həm hüzn, həm də qürur günüdür.20 Yanvar faciəsi xalqımızın yaddaşında qara gün kimi qalsa da, eyni zamanda qəhrəmanlıq salnaməsidir. Çünki həmin gün Azərbaycan xalqı sübut etdi ki, heç bir güc onun azadlıq iradəsini sındıra bilməz. Bu şəhidlərin qanı ilə suvarılan torpaq son nəticədə müstəqil Azərbaycanın təməlini qoydu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində onların torpağa səpdiyi cücərtilər göyərdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq kimi ətrafında birləşdi, Zəfərimizi, düşmən üzərində qələbəmizi reallığı çevirdi, müstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi.

Bu gün azad və suveren Azərbaycan dövləti varsa, bu, məhz 20 Yanvar şəhidlərinin fədakarlığı sayəsində mümkün olmuşdur. Onların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər