1990-cı il 20 Yanvar faciəsinə aparan proseslərin əsası 1987-ci ildən başlayaraq azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, eyni zamanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət alması ilə qoyulmuşdur. Respublika daxilində və regionda artan gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı insanlıq əleyhinə əvvəlcədən planlaşdırılmış ağır cinayət törətmişdir. Bu məqsədlə 1990-cı ilin yanvar ayının ortalarından etibarən SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin və xüsusi təyinatlı hərbi birləşmələrin 66 mindən artıq əsgər və zabiti Bakı şəhərinə cəmləşdirilmiş, qoşun hissələri şəhərin müxtəlif ərazilərində yerləşdirilmişdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa SSRİ rəhbərliyinin, xüsusilə də Mixail Qorbaçovun əmri ilə sovet ordusu Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridilmiş, qadın, uşaq və qocalar da daxil olmaqla dinc əhali ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilmişdir. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə əhali əvvəlcədən məlumatlandırılmamış, hərbi əməliyyatlara rəsmi qərardan xeyli əvvəl başlanılmışdır. Qanlı hadisələrdən yalnız saatlar sonra fövqəladə vəziyyət elan edilmiş, bu isə törədilmiş cinayətin miqyasını və məqsədli xarakterini bir daha sübut etmişdir.
20 Yanvar faciəsi nəticəsində təkcə Bakı şəhərində deyil, Lənkəran və Neftçala rayonlarında da dinc sakinlər qətlə yetirilmiş, ümumilikdə 147 nəfər həyatını itirmiş, yüzlərlə insan yaralanmış, çoxsaylı vətəndaş qanunsuz həbs olunmuş, dövlətə və şəxsi mülkiyyətə ciddi maddi ziyan vurulmuşdur. Bu qanlı hadisələr Sovet imperiyasının Azərbaycandakı siyasi və hüquqi dayaqlarını sarsıtmış, xalqın mövcud rejimə və Sovet İttifaqı Kommunist Partiyasına qarşı etimadını tamamilə itirməsinə səbəb olmuşdur.
Faciədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev xalqla həmrəylik nümayiş etdirərək 20 Yanvar hadisələrinə açıq siyasi qiymət vermiş, bu qanlı əməliyyatı hüquqa, demokratiyaya və humanizmə zidd olan ağır dövlət cinayəti kimi səciyyələndirmişdir. Onun qətiyyətli mövqeyi və prinsipial çıxışları Azərbaycan xalqına ümid vermiş, həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü ildə isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verilmişdir.
Bu gün 20 Yanvar hadisələri Azərbaycan tarixində həm faciəvi, həm də qəhrəmanlıq səhifəsi kimi dəyərləndirilir. Həmin gün Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda ilk şəhidlərini vermiş, milli birliyini, ləyaqətini və iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Şəhidlərin xatirəsi dövlət səviyyəsində daim uca tutulur, onların idealları müasir müstəqil Azərbaycan dövlətinin inkişaf yolunda yaşadılır.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı