PDF Oxu

Siyasət

  • 418

20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir - ŞƏRH

image

Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcıdır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın müasir tarixinin yarım əsrlik bir dövrünün başlıca istiqamətini və məzmununu təşkil edir. Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o vaxtkı sovet rəhbərliyinin ali vəzifə borcuna və insanlığa zidd olaraq, bütün qoşun növlərini səfərbər etməklə, güc nazirlərinin bilavasitə iştirakı ilə Azərbaycan SSRİ-nin paytaxtına irimiqyaslı hücum təşkil etməsi, nəticədə çox sayda dinc insanın qətlə yetirilməsi və yaralanması uşaqdan-böyüyə, qadından-qocaya hamını ayağa qaldırdı.Şəhərə yeridilmiş qoşun bölükləri şəhəhəri qan gölünə çevirdi. Lakin xalqın inamı bir an belə qırılmadı. Törədilmiş vəhşiliyin qanlı görüntüləri, xəyanətkar izləri milyonlarla insanı eyni məcraya yönəltdi. Yumruq kimi birləşmiş xalqımız qüdrətli bir sipərə döndü.

Ermənipərəst sovet rəhbərinin Qarabağı asanlıqla ermənilərə hədiyyə etmək üçün SSRİ-nin ali rəhbərliyindən uzaqlaşdırdığı və ciddi nəzarət altında saxlatdığı dünya şöhrətli siyasət və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevbütün maneələri baxmayaraq 21 yanvar günü Moskvada resbublikamızın Daimi Nümayəndəliyinə gəldi, dərin hüzn içərisində xalqımıza başsağlığı verdi. Ulu Öndər Vətəninin harayına yetişərək mətbuat konfransı keçirdi. Bu mətbuat konfransı Bakı həqiqətlərini bütün dünyaya yayılması üçün geniş bir qapı açdı.

1993-cü ilin oktyabrında Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu hadisəyə hüquqi qiymət verilməsini də reallaşdırdı. Məhz onun 1998-ci il 31 mart tarixli Fərmanı ilə "20 Yanvar şəhidi" fəxri adı təsis edilmiş, həmin ilin 29 dekabrında Prezidentin verdiyi daha bir Fərmanla bu status təsdiq edilmişdir. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda öz həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim qalacaq və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır. Qanlı Yanvar Azərbaycan xalqının milli oyanış düşüncəsinin və müstəqillik ideyasının işğalçı imperiya ordusu üzərində parlaq qələbəsi idi. Azərbaycan xalqının apardığı milli-azadlıq mübarizəsi məhz bu hadisədən sonra dünyada işğalçı imperiyalara qarşı mübarizə aparan digər xalqlar üçün nümunə oldu və Qafqaz regionunun ən yeni tarixində müstəqil dövlətçilik ideyasına təkan verdi.

Həmin qanlı hadisədən 36 il ötür. Zaman göstərdi ki, Azərbaycan xalqı bu faciəni ləyaqətlə yaşadı. Bütün bu illər ərzində Azərbaycan xalqı 20 Yanvar şəhidlərini ehtiramla yad edir, onların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzür. Müxtəlif ölkələrdən Azərbaycana təşrif buyuran qonaqlar ilk növbədə Şəhidlər xiyabanına gəlir və canları bahasına respublikanın müstəqilliyini qazananların qarşısında baş əyir, ehtiramlarını bildirirlər.

20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Vətənin azadlığı, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.Qanlı 20 Yanvar xalqımızın tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər