20 Yanvar hadisəsi Azərbaycan tarixində təkcə faciə kimi deyil, həm də xalqın dövlətçilik iradəsinin ən ağır sınaqlardan keçdiyi bir mərhələ kimi qiymətləndirilməlidir. Bu hadisə sovet totalitarizminin öz dağılma dövründə xalqlara qarşı tətbiq etdiyi zorakılıq siyasətinin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycan xalqının milli şüurunun formalaşmasında həlledici rol oynamışdır.
1980-ci illərin sonlarında SSRİ daxilində mərkəzləşdirilmiş idarəetmə sistemi faktiki olaraq iflasa uğramışdı. Milli respublikalarda azadlıq tələbləri güclənir, mərkəzi hakimiyyət isə bu proseslərə cavab olaraq hərbi gücə üstünlük verirdi. Azərbaycanda yaranmış ictimai-siyasi gərginlik, Qarabağ məsələsində Moskvanın ədalətsiz mövqeyi və milli hüquqların tapdanması cəmiyyətdə ciddi narazılıq yaratmışdı.Məhz bu şəraitdə sovet rəhbərliyi vəziyyəti nəzarət altına almaq məqsədilə qanunsuz və qəddar qərar qəbul etdi. Bakıya qoşun yeridilməsi siyasi məsuliyyətsizliyin və totalitar düşüncənin nəticəsi idi.20 Yanvar gecəsi həyata keçirilən hərbi əməliyyatlar hüquqi normalara zidd idi. Fövqəladə vəziyyətin elan olunması əhaliyə əvvəlcədən bildirilməmiş, dinc insanların təhlükəsizliyi nəzərə alınmamışdı. Silahsız əhalinin üzərinə tankların yeridilməsi, yaşayış məntəqələrində atəş açılması sovet ordusunun öz vətəndaşlarına qarşı güc tətbiq etdiyini açıq şəkildə göstərirdi.Bu müdaxilə nəticəsində onlarla insan həyatını itirdi, yüzlərlə şəxs yaralandı. Lakin əsas zərbə yalnız fiziki deyil, mənəvi idi — sovet hakimiyyətinin legitimliyi Azərbaycan cəmiyyətinin gözündə tamamilə məhv oldu.
20 Yanvar hadisələri Azərbaycan xalqının düşüncəsində ciddi dəyişiklik yaratdı. Əgər bu vaxta qədər müstəqillik ideyası müəyyən sosial qrupların siyasi tələbi idisə, 20 Yanvardan sonra bu ideya ümumxalq mövqeyinə çevrildi. Xalq başa düşdü ki, öz taleyinə yalnız özü sahib çıxmalıdır.
Bu baxımdan 20 Yanvar faciəsi müstəqilliyə aparan yolun başlanğıcı deyil, onun labüdlüyünü təsdiqləyən tarixi həqiqət oldu.
20 Yanvar hadisələrinin mahiyyəti illər sonra rəsmi dövlət səviyyəsində qiymətləndirildi. Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində bu faciəyə hüquqi-siyasi qiymət verildi, günahkarların məsuliyyəti açıq şəkildə bəyan olundu. Bu addım təkcə keçmişin dəyərləndirilməsi deyil, həm də gələcək dövlətçilik düşüncəsinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı.
20 Yanvarda xalqın qarşısına çıxan zorakılıq illər sonra tamamilə fərqli bir mənzərə ilə əvəz olundu. Azərbaycan Respublikası PrezidentAli Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz gücünə arxalanaraq ərazi bütövlüyünü bərpa etdi. Uzun illər işğal altında qalmış torpaqlar azad edildi, dövlət suverenliyi tam şəkildə təmin olundu.
Bu Qələbə təsadüfi deyildi. O, 20 Yanvar şəhidlərinin irs qoyduğu milli iradənin, dözümlülüyün və dövlətçilik düşüncəsinin məntiqi nəticəsi idi.
Bu gün Azərbaycan müstəqil xarici siyasət yürüdən, öz təhlükəsizliyini özü təmin edən, regionda siyasi və iqtisadi baxımdan güclü mövqeyə malik dövlətdir. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı Azərbaycanın suverenliyinin real göstəriciləridir.
20 Yanvar hadisələri ilə başlayan çətin və qanlı yol bu gün qalib və suveren Azərbaycan reallığı ilə tamamlanmışdır.
Elvin Əliyev
YAP Babək rayon təşkilatının sədr müavini