Azərbaycan xalqının yaddaşına qanla həkk olunmuş 20 Yanvar faciəsi təkcə bir gecənin deyil, bütöv bir millətin azadlıq iradəsinin sınağa çəkildiyi tarixi gündür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının hərbi maşını Bakıya yeridildi və dinc əhaliyə qarşı misli görünməmiş qırğın törədildi. Bu faciə həm qəddarlığın, həm də xalqın sarsılmaz ruhunun simvoluna çevrildi.
1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi böhran, imperiyanın süquta doğru getməsi milli azadlıq hərəkatlarını gücləndirmişdi. Azərbaycanda da xalq öz milli hüquqlarını tələb edir, azadlıq və suverenlik ideyaları geniş vüsət alırdı. Lakin mərkəzi sovet hakimiyyəti bu oyanışı demokratiya yolu ilə deyil, zorakılıqla boğmağa qərar verdi. 20 Yanvar məhz bu qorxunun və acizliyin nəticəsi idi. Yanvarın 19-da axşam saatlarında Bakının informasiya mənbələri qəsdən sıradan çıxarıldı, televiziya yayımı dayandırıldı. Xalq baş verəcək faciədən xəbərsiz idi. Gecə yarısı isə ağır texnika, tanklar və silahlı əsgərlər şəhərə daxil oldu. Heç bir xəbərdarlıq edilmədən küçələrdə, meydanlarda, hətta evlərinə gedən yollarda günahsız insanlar gülləbaran edildi. Qadın, uşaq, yaşlı demədən hər kəs bu vəhşiliyin qurbanına çevrildi. Rəsmi məlumatlara görə, həmin gecə və sonrakı günlərdə yüzlərlə insan həlak oldu, minlərlə insan yaralandı. Lakin rəqəmlər bu faciənin ağrısını tam ifadə edə bilmir. 20 Yanvar təkcə insan itkisi deyildi – bu, sovet rejiminin əsl mahiyyətinin açıq şəkildə ifşa olunması idi. Silahsız xalqa qarşı silahlı ordu göndərmək, azadlıq istəyini güllə ilə susdurmağa çalışmaq imperiyanın mənəvi iflasının sübutu idi.
Bu faciənin ən mühüm tərəflərindən biri də xalqın göstərdiyi müqavimət və ləyaqət idi. İnsanlar ölüm təhlükəsinə baxmayaraq küçələrə çıxdılar, yaralılara yardım etdilər, şəhidlərini tək qoymadılar. 20 Yanvar günlərində Azərbaycan xalqı qorxuya deyil, şərəfə üstünlük verdiyini bütün dünyaya nümayiş etdirdi. Şəhidlərin dəfni zamanı milyonlarla insanın küçələrə axışması bu faciənin eyni zamanda milli birlik gününə çevrildiyini göstərdi. 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi oldu. Həmin gecə axıdılan qan azadlığın bünövrəsini möhkəmləndirdi. Xalq artıq sovet rejimi ilə birgə yaşamağın mümkün olmadığını açıq şəkildə dərk etdi. Məhz bu hadisədən sonra müstəqillik ideyası geri dönməz xarakter aldı və 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.
Bu faciəyə ilk siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildi. O, Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək sovet rəhbərliyini açıq şəkildə ittiham etdi və xalqına qarşı törədilən cinayəti dünya ictimaiyyətinə çatdırdı.Onun prezidentliyi dövründə isə Müstəqil Azərbaycanda, 20 Yanvar hadisələrinə dövlət səviyyəsində ilk dəfə siyasi qiymət verildi və şəhidlərin xatirəsi əbədiləşdirildi. Bu gün Şəhidlər xiyabanı təkcə bir məzarlıq deyil, xalqın azadlıq andı yeridir. Hər il yanvarın 20-də minlərlə insan ora axışır, şəhidlərin ruhu qarşısında baş əyir. Bu ziyarət sükut içində edilən bir anddır: azadlığı qorumaq, şəhidlərin yolunu unutmaqmamaq andı.
20 Yanvar faciəsi bizə bir həqiqəti daim xatırladır: azadlıq heç vaxt asan qazanılmır. O, qanla, canla, böyük qurbanlarla əldə edilir. Bu gün müstəqil Azərbaycanda yaşamaq, azad bayraq altında nəfəs almaq həmin şəhidlərin hesabınadır. Onların xatirəsi qarşısında borcumuz təkcə yad etmək deyil, həm də bu müstəqilliyi qorumaq, ədalətli və güclü dövlət qurmaqdır. Zaman keçsə də, 20 Yanvarın ağrısı unudulmur. Çünki bu ağrı eyni zamanda qürurdur. Qanlı Yanvar gecəsi Azərbaycan xalqı tarix qarşısında imtahandan keçdi və bu imtahandan alnıaçıq çıxdı. Şəhidlər ölməz, Vətən bölünməz – 20 Yanvar bunun əbədi sübutudur.
Şahmar Həsənov,
Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru