1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində təkcə qanlı bir faciə deyil, eyni zamanda Sovet imperiyasının ölkəmizdə öz siyasi və hüquqi dayaqlarını tam şəkildə itirdiyi dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu hadisələr Sovet hakimiyyətinin saxta “xalq hakimiyyəti”, “qanunçuluq” və “bərabərlik” ideyalarının əslində zorakılıq və repressiya üzərində qurulduğunu açıq şəkildə nümayiş etdirdi. 20 Yanvar Azərbaycan xalqının Sovet rejiminə olan inamını birdəfəlik sarsıtdı və imperiyanın dağılma prosesini sürətləndirdi.
1980-ci illərin sonlarında SSRİ-də dərin siyasi, iqtisadi və ideoloji böhran yaşanırdı. Mərkəzdən idarə olunan sistem artıq özünü doğrultmur, milli respublikalarda azadlıq və suverenlik tələbləri getdikcə güclənirdi. Azərbaycanda da milli özünüdərk prosesi sürətlənmiş, xalq ədalətsizliyə, Dağlıq Qarabağla bağlı qərəzli mövqeyə və sosial-siyasi haqsızlıqlara qarşı açıq etirazlar etməyə başlamışdı. Bu etirazlar dinc xarakter daşısa da, Sovet rəhbərliyi onları güc yolu ilə susdurmağa qərar verdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridilməsi hüquqi baxımdan tamamilə əsassız idi. Fövqəladə vəziyyətin elan olunması barədə qərar əhaliyə əvvəlcədən bildirilməmiş, SSRİ Konstitusiyasının və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət olunmuşdu. Ordu hissələrinin mülki əhaliyə qarşı ağır silahlardan istifadə etməsi Sovet dövlətinin hüquqi legitimliyini Azərbaycanda tam şəkildə məhv etdi. Bu qanlı əməliyyat nəticəsində yüzlərlə dinc sakin həlak oldu, minlərlə insan yaralandı.
20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycanda siyasi dayaqlarının da çökməsinə səbəb oldu. Xalq artıq Moskvanın verdiyi qərarları qəbul etmirdi, mərkəzi hakimiyyətə etimad tamamilə itmişdi. Kommunist Partiyası və sovet idarəetmə strukturları xalqın gözündə öz mənəvi və siyasi nüfuzunu itirdi. Sovet hakimiyyəti Azərbaycan cəmiyyətində işğalçı və zorakı bir güc kimi qəbul olunmağa başladı. Bu isə imperiyanın siyasi hökmranlığının sonunun başlanğıcı idi.
Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. Xalq Sovet rejiminin islah oluna bilməyəcəyini, bu sistem daxilində ədalət və azadlığın mümkün olmadığını dərk etdi. 20 Yanvar şəhidlərinin qanı müstəqillik ideyasını daha da möhkəmləndirdi, sovet ideologiyasına son inam qırıntılarını da aradan qaldırdı. Artıq əsas məqsəd SSRİ tərkibindən çıxmaq və müstəqil dövlət qurmaq idi.
Bu hadisələrə Ulu Öndər Heydər Əliyevin verdiyi siyasi qiymət xüsusi əhəmiyyət daşıyır. Onun 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycan nümayəndəliyində çıxış edərək 20 Yanvar faciəsini açıq şəkildə pisləməsi, Sovet rəhbərliyini ittiham etməsi imperiya daxilində böyük cəsarət nümunəsi idi. Müstəqil Azərbaycanda isə 20 Yanvar hadisələrinə rəsmi siyasi-hüquqi qiymət verildi, bu faciənin təşkilatçıları ifşa olundu. Bu, Sovet imperiyasının hüquqi əsaslarının iflasının dövlət səviyyəsində təsdiqi idi.
20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdiyini qəti şəkildə göstərdi. Silah gücünə söykənən bir hakimiyyət xalqın iradəsi qarşısında tab gətirə bilmədi. 20 Yanvar Azərbaycan xalqının müstəqillik yolunda ödədiyi ağır, lakin şərəfli bir bədəldir. Bu tarix sübut etdi ki, zorakılıqla idarə olunan imperiyalar gec-tez süquta uğrayır, azadlıq və ədalət ideyaları isə qalib gəlir.
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri