“20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan tarixində elə günlər vardır ki, onlar xalqın yaddaşına qanla, göz yaşı ilə, eyni zamanda qürur və qəhrəmanlıqla həkk olunub. 20 Yanvar 1990-cı il tarixi də məhz belə günlərdən biridir. Bu tarix Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda apardığı mübarizənin ən parlaq və faciəli səhifələrindən biridir.
20 Yanvar hadisələri mənfur sovet totalitar rejimi tərəfindən Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı əzmək, ona mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirilib.
Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun göstərişi ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçib, fərqinə varmadan hər kəsi atəşə tutub. Vəhşiləşmiş sovet hərb maşını hətta xəstəxanaları, yaralılara köməyə tələsən “təcili yardım” maşınlarını atəşə tutub, həkimlər öldürülüb. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda ümumilikdə 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 800-dən çox insan həbs olunub.
Lakin bu faciə xalqın iradəsini qıra bilmədi, əksinə, onun azadlıq əzmini daha da gücləndirdi. Tankların qarşısına əliyalın çıxan insanlar bir həqiqəti dünyaya sübut etdilər: xalqın azadlıq istəyini heç bir silah susdura bilməz. O gecə tökülən qanlar müstəqilliyin bünövrəsinə çevrildi.
20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlığını, birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Silahsız insanlar tankların qarşısına sinə gərərək öz hüquqlarını, milli ləyaqətlərini qorudular. Bu, xalqın qorxmazlığının və azadlıq sevgisinin bariz nümunəsi idi. Şəhidlər öz canlarını fəda etməklə Azərbaycanın müstəqilliyə gedən yolunu işıqlandırdılar. O vaxtkı ermənipərəst sovet rəhbərliyinin insanlıq əleyhinə bütün cinayətkar cəhdlərinə baxmayaraq, xalqımızın iradəsini sarsıtmaq və azadlıq uğrunda mübarizəsini dayandırmaq mümkün olmadı. Bu hadisə Azərbaycan xalqının müstəqillik yolunu sürətləndirdi. Qanlı Yanvar Sovet imperiyasının əsarət zəncirlərini qıran ilk böyük zərbə oldu.
Şəhidlərin ruhu şaddır, çünki onların axıtdığı qan hədər getmədi. Otuz altı il əvvəl başlanan çətin və şərəfli yol xalqımızı 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinə qovuşdurdu.
Tarixin ən ağır və çətin günlərində hər zaman doğma xalqı ilə birlikdə olan Ulu Öndər Heydər Əliyevin faciədən dərhal sonra törədilmiş qırğına görə sovet rəhbərliyinə kəskin etirazını bildirməsi və cinayətkarların layiqincə cəzalandırılmasını tələb etməsi dövrün ən cəsarətli addımlarından biri kimi xalqımızın yaddaşında silinməz iz buraxıb.
20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ümummilli Lider Heydər Əliyev tərəfindən səsləndirilib. Ulu Öndər 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. Ümummilli Lider Heydər Əliyev sovet rəhbərliyinin həyata keçirdiyi hərbi əməliyyatları açıq şəkildə pisləyərək bu hadisəni insan hüquqlarına, demokratik dəyərlərə və hüquqi normalara zidd addım kimi qiymətləndirib: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvadakı kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətini bildirmək istəyirəm. Azərbaycanın Moskvada daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın”.
Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq 20 Yanvar hadisəsinə yeganə düzgün siyasi qiymət verib: “Mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.
Daha sonra 1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: “...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”.
Ümummilli Lider cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa edib. Heydər Əliyev faktiki olaraq böyük risklərə baxmayaraq, xalqının haqq səsini dünyaya çatdırıb və bununla da 20 Yanvar həqiqətlərinin ilk müdafiəçisi olub.
Qanlı Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də məhz əbədiyaşar lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi.
Ümumiyyətlə, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdı.
1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, resrublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyilirdi:
“Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən Qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Məhz bu Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunub və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilib.
Ulu Öndər 1996-cı il yanvarın 20-də Qanlı Yanvar faciəsi şəhidlərinin xatirə gecəsində çıxışında bildirirdi: “O gecə Azərbaycan xalqına, respublikasına qarşı hərbi təcavüz edildi. Özünün ərazi bütövlüyü uğrunda çalışan, vuruşan, döyüşən, milli azadlığı uğrunda mübarizə aparan xalqımıza qarşı böyük hərbi təcavüz oldu. Azərbaycan xalqının çoxəsrlik tarixində onun başına çox bəlalar gəlib, xalqımız faciələrlə rastlaşıb. Ancaq deyə bilərəm ki, bu qədər dəhşətli faciə görünməmişdi. Xalqımızın milli mənliyinə, mənəviyyatımıza, milli azadlığımıza təcavüz edilibdir. O gecə Azərbaycanın günahsız övladları həlak oldular, müstəqilliyimiz yolunda, milli azadlıq yolunda şəhid oldular… Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtdı, əzdi. Ancaq onun mənliyini tapdalaya bilmədi. Bizim qürurumuzu sındıra bilmədi. İtkilər verdik, ona görə də bu gün matəm günü keçiririk. Ancaq eyni zamanda o gün və ondan sonrakı günlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yeni böyük bir səhifə yazdı”.
Ulu Öndər 20 Yanvar hadisələrini daim diqqətdə saxlayıb, şəhid ailələrinə dövlətin diqqət və qayğısı davamlı xarakter alıb. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Heydər Əliyevin siyasi kursu nəticəsində 20 Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin, müstəqillik ideyasının və azadlıq ruhunun simvoluna, Şəhidlər xiyabanı müqəddəs ziyarətgahımıza çevrilib, “Əbədi məşəl” abidə kompleksi ucaldılıb və hər il yanvarın 20-də dövlət səviyyəsində anım mərasimləri keçirilir. Bu addımlar 20 Yanvar faciəsinin təkcə tarixi hadisə kimi deyil, həm də dövlətçilik yaddaşının əsas sütunlarından biri kimi formalaşmasını təmin edib.
Ümummilli Liderin müəyyənləşdirdiyi bu siyası xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl qərarlar qəbul edilir. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, şəhid ailələri üçün səmərəli sosial müdafiə sistemi formalaşdırılıb. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında irimiqyaslı layihələr həyata keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinə daim böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, əlillərin sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülür.
Ulu Öndər çıxışlarında qeyd edirdi ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. “Gələcək nəsillər bu günləri daim yad edəcəklər. Mən buna əminəm. Bizim borcumuz şəhidlərin ruhuna sadiq olmaqdır. Bizim borcumuz əcdadlarımızın vəsiyyətinə sadiq olmaqdır - milli azadlığımızı qorumaq, dövlət müstəqilliyimizi qoruyub saxlamaqdır. Borcumuz bütün şəhidlərin ailələrinə qayğı göstərməkdir, yaralılara qayğıları artırmaqdır”.
Ümummilli Liderin kursunu davam etdirən Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şəhidlər xiyabanının yenidənqurulması, o cümlədən “Əbədi məşəl” abidəsinin müasir üslubda işlənilməsi, dövlət başçısının təşəbbüsü ilə “20 Yanvar” dairəsində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə abidə-kompleksin inşası şəhidlərinizin xatirəsinə dövlətimiz tərəfindən göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Beləliklə, 20 Yanvar şəhidlərinin xatirəsi ölkəmizdə layiqli şəkildə əbədiləşdirilib.
Artıq 20 Yanvar hadisələri tariximizdə yalnız faciə deyil, qəhrəmanlıq, milli ləyaqət və şərəf simvolu kimi yad edilir. 20 Yanvar şəhidləri Azərbaycan xalqının qürur mənbəyidir. Onların canı bahasına qazandığımız müstəqillik bu gün güclü, suveren və müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Azərbaycan artıq bütün dünyada qüdrətli, söz sahibi olan, öz milli maraqlarını qətiyyətlə müdafiə edən güclü bir dövlətdir.
20 Yanvar faciəsi bizə bir daha xatırladır: azadlıq asanlıqla əldə edilmir, böyük tarixi inkişafın bütün mərhələlərində azadlıq ən şirin nemət kimi xaqların şüurunda dərin qatlarda formalaşıb boy atsa da, bütün xalqlar bu nemətə nail ola bilməyib.
Bu gün müstəqil Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin arzularını gerçəkləşdirərək güclü, suveren bir ölkə kimi inkişaf edir. Hər il 20 Yanvar günü xalqımız dərin hüznlə yanaşı, böyük qürur hissi ilə şəhidlərini yad edir.
20 Yanvar yalnız bir faciə deyil, həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Bu gün bizə azad və müstəqil vətən bəxş edən şəhidlərin xatirəsi daim qəlbimizdə yaşayacaq və gələcək nəsillərə örnək olacaq.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar hadisələrinin təhlili onu göstərir ki, məkrli qüvvələrin Azərbaycan xalqının əzmini qırmağa yönəlmiş soyqırım hərəkətləri xalqımızın mübarizliyini daha da möhkəmləndirdi.
Şübhə yoxdur ki, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Bununla belə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız, müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, Şəhidlərimizin əziz ruhu daim anılacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Artıq 6-cı ildir ki, 20 Yanvar faciəsinin növbəti ildönümünü yeni tarixi reallıqda – Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdığı bir dövrdə qeyd edirik. 2020-ci ildəki 44 günlük Vətən müharibəsində qazanılan Qarabağ Zəfəri və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Məhz bu səbəbdən xalqımız 20 Yanvar faciəsinin 36-cı ildönümünü xüsusi qürur və iftixar hissi ilə qeyd edir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun müddət ərzində həyata keçirdiyi güclü dövlət, güclü xalq və güclü ordu strategiyası ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq qələbə xalqımızın mübarizlik, yenilməzlik və qəhrəmanlıq nümunələrini yaşadır. Artıq ölkəmizin azadlığı və suverenliyi yolunda canlarından keçən vətən övladlarının, 20 Yanvar şəhidlərinin ruhu şaddır. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub, azad torpaqlarımızda həyat qaynayır, yurd yerlərinə Böyük Qayıdış uğurla icra olunur. Bu gün öz bütövlüyünə qovuşmuş Vətən torpaqlarında Azərbaycan bayrağı qürurla dalğalanır. Biz buna görə rəşadətli Ordumuza, qəhrəman Azərbaycan əsgərinə və bütün şəhidlərimizə borcluyuq.
Şəhidlərimizin qanı bahasına əldə edilmiş azadlıq və müstəqillik idealları xalqımızın yaddaşında əbədilik qazanıb. Şəhidlər göstərdilər ki, müstəqillik uğrunda verilən qurbanlar unudulmur, əksinə, milləti daha da birləşdirir.
20 Yanvar sübut etdi ki, azadlıq uğrunda ayağa qalxan xalqı heç bir güc susdura bilməz. Bu, Azərbaycan xalqının qəhrəmanlıq tarixində əbədi yaşayacaq bir səhifədir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Aytən Qurbanova
YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi