PDF Oxu

Siyasət

  • 1 407

20 Yanvar - Milli ruhun qanla yazılmış salnaməsi - ŞƏRH

image

Təqvimin elə günləri var ki, həmin günlər bir xalqın yaddaşında həm dərin hüzn günü kimi, həm də milli qürur günü kimi yadda qalmaqdadır. 20 Yanvar 1990-cı il Azərbaycan xalqının yaddaşında qalan həmin günlərdən biridir. O gün yaşananlar bir xalqın taleyində yaşana biləcək ən pis gün, sözlərlə ifadə edilməyəcək qədər vəhşət günüdür. Bəzən pis bir hadisə haqqında insan nə isə söyləyə, fikrini izah edə bilir. Amma 20 Yanvar vəhşəti haqqında fikir bildirmək çox çətin, çox ağrılıdır. Xalqımızın bu çətin sınaqla, vəhşiliklə, öz taleyi ilə baş-başa qaldığı günü ali insan təfəkkürü ilə dərk etmək çox çətin, hətta deyərdim ki mümkünsüzdür…

20 Yanvar 1990-cı il… Dinc, əliyalın, günahsız insanların amansızlıqla, vəhşiliklə, ağılasığmaz mundarlıqla qətlə yetirildiyi tarix! Həmin tarix ki, Xalqımızın qəhrəmanlığını, mərdliyini, Vətənə olan sevgisiylə qəlblərində döyünən cəsarəti neçə illər sonra belə dünyaya çatdıracaqdı. Zamanın ağır, keşməkeşli sınaqlarından çıxan müzəffər xalqımız həmin qanlı gecənin sınağından da çıxmağı bacardı – silahsız, əliyalın, müdafiəsiz! SSRİ-rus ordusunun Bakıya qətliam törətmək niyyətiylə daxil olan ordusunun, ağır texnikasının qarşısında əliyalın, silahsız dayanan qəhrəman soydaşlarımızın cəsarətini həmin gecə gizlətməyə çalışsalar da bunu bacara bilmədilər. O qanlı Yanvar gecəsi sadəcə bir xalqın cəsarəti deyil, həmin xalqın müstəqillik eşqiylə yanan ürəklərinin sınağa çəkildiyi, azadlıq ideyasının qanla möhürləndiyi bir tarix idi. O gecə yalnız tanklara qarşı dayanan cəsur insanlar yox, əsarətə boyun əyməyən milli iradə ayağa qalxmışdı. Günahsız insanların şəhadəti Azərbaycan xalqının müstəqillik yolundan dönməyəcəyini bütün dünyaya bəyan etdi. 20 Yanvar faciəsi bir tərəfdən böyük bir kədər, digər tərəfdən isə azadlıq mübarizəsinin mənəvi zirvəsi oldu. Məhz bu qanlı gecə xalqımızın yaddaşında azad yaşamaq haqqının nə qədər müqəddəs olduğunu əbədi olaraq həkk etdi.

1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq mübarizəsində qanla yazılmış bir səhifədir. Sovet hakimiyyətinin hərbi qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən bu qətliam uzun illər siyasi-hüquqi baxımdan obyektiv qiymətini ala bilməmişdi. Məhz bu tarixi ədalətsizliyə son qoyan şəxsiyyət isə bir Ulusun Öndəri, Ümummilli Lider Heydər Əliyev olmuşdur.

20 Yanvar faciəsindən dərhal sonra Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyində verdiyi bəyanat böyük cəsarət nümunəsi idi. O, sovet rəhbərliyini açıq şəkildə ittiham edərək, Bakıda törədilənlərin insanlığa qarşı cinayət olduğunu bəyan etdi. Totalitar rejim şəraitində bu mövqe həm siyasi risk, həm də mənəvi məsuliyyət tələb edirdi. Ulu Öndər Heydər Əliyev bu addımı ilə Azərbaycan xalqının səsini dünya ictimaiyyətinə çatdırdı. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə rəsmi siyasi-hüquqi qiymət verilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 20 Yanvar faciəsi sovet totalitar rejiminin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz və cinayət kimi tanındı. Bu qərar tarixi həqiqətin bərpası, şəhidlərin xatirəsinə ehtiram və gələcək nəsillər üçün mühüm siyasi dərs idi.

Heydər Əliyevin bu məsələdəki əsas xidmətlərindən biri də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi oldu. Şəhidlər xiyabanının müqəddəs ziyarətgaha çevrilməsi, şəhid ailələrinə göstərilən dövlət qayğısı və hər il 20 Yanvar gününün ümumxalq matəm günü kimi qeyd olunması milli yaddaşın formalaşmasına güclü təsir göstərdi.

Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinə yalnız tarixi hadisə kimi deyil, milli azadlıq mübarizəsinin dönüş nöqtəsi kimi yanaşdı və ona layiqli siyasi-hüquqi status qazandırdı. Bu qiymət Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, xalqın birlik və mübarizə ruhunun qorunmasına xidmət etdi. Böyük bir xalqın öndəri kimi Heydər Əliyevin bu mövqeyi milli iradənin, ədalətin və tarixi həqiqətin təntənəsi oldu.

David Həsənov

YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər