PDF Oxu

Siyasət

  • 760

20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir - FOTOLAR

image

19 yanvar 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatında 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə “20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” mövzusunda tədbir keçirilib.

Tədbirə başlamazdan öncə 20 Yanvar faciəsindən bəhs edən kitab sərgisinə baxılıb.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının fəal üzvü Göyçək Sadıxova 20 Yanvar faciəsinin baş verməsindən geniş bəhs edib. O qeyd edib ki, 20 yanvar hadisələrindən artıq 36 il keçmiş və bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəman övladlarının qanını yerdə qoymadı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq kimi ətrafında birləşdirdiyi Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizi təmin edərək müstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi.

Tədbirdə çıxış edən digər natiqlər - YAP Ağstafa rayon təşkilatının məsləhətçisi Aytən Məmmədli, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının fəal üzvləri Günay Qədiməliyeva və Günay Əliyeva bildiriblər ki, torpaq qanla qarışanda Vətən olur. 20 Yanvar faciəsi müstəqillik tariximizin, milli azadlıq hərəkatının zirvəsi idi, həm də təkcə faciə deyildi, bu, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan Azərbaycan xalqının şanlı tarixinə qanla yazılmış qəhrəmanlıq səhifəsi idi. 20 Yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün dayaqlarını itirdi. Baş vermiş hadisələr həm də, dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunub.

Digər xəbərlər