1980-ci illərin sonlarında Sovet İttifaqı dərin siyasi və iqtisadi böhran keçirirdi. Ermənistanın Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağa dair əsassız ərazi iddiaları və SSRİ rəhbərliyinin, xüsusilə Mixail Qorbaçovun bu məsələdə nümayiş etdirdiyi ermənipərəst mövqe Azərbaycan xalqının səbrini daşırmışdı. Yüz minlərlə azərbaycanlı Ermənistandan vəhşicəsinə qovulmuş, Bakıda isə xalq fasiləsiz etiraz aksiyalarına başlamışdı.
Sovet rəhbərliyi Azərbaycanın suverenliyini qorumaq istəyən milli azadlıq hərəkatını boğmaq və digər müttəfiq respublikalara "ibrət dərsi" vermək üçün Bakıda hərbi əməliyyat keçirmək qərarına gəldi.
1990-cı il yanvarın 19-da axşam saatlarında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) "Alfa" qrupu Azərbaycan televiziyasının enerji blokunu partlatdı. Məqsəd xalqı məlumat blokadasında saxlamaq və ordunun şəhərə hücumunu gizlətmək idi.
Gecə yarısı ağır zirehli texnika və müasir silahlarla təchiz olunmuş sovet qoşunları eyni vaxtda bir neçə istiqamətdən Bakıya daxil oldu. Dinc əhali tankların qarşısına çıxaraq ordunu dayandırmağa çalışsa da, əsgərlərə "vurun" əmri verilmişdi. Tanklar yollardakı mülki maşınları əzir, əsgərlər isə uşaq, qoca, qadın demədən hər kəsi gülləbaran edirdi. Həmin gecə təkcə Bakıda deyil, Neftçala və Lənkəranda da dinc insanlar qətlə yetirildi.
Rəsmi rəqəmlərə görə, 20 Yanvar və sonrakı günlərdə 147 nəfər şəhid oldu, 744 nəfər yaralandı və 800-dən çox insan qanunsuz həbs edildi. Ölənlər arasında 13-14 yaşlı yeniyetmələr, həkimlər, tələbələr və yaşlı insanlar var idi. Faciənin ən simvolik obrazlarından biri olan İlham və Fərizə Allahverdiyevlər ailəsi isə bu tarixin ayrılmaz sevgi və fədakarlıq simvoluna çevrildi.
Buna baxmayaraq, sovet ordusunun vəhşiliyi xalqın iradəsini sındıra bilmədi. Yanvarın 22-də Bakının "Azadlıq" meydanında SSRİ-nin fövqəladə vəziyyət elan etməsinə baxmayaraq, bir milyondan çox insanın iştirakı ilə şəhidlərin dəfni keçirildi. Bu, xalqın sovet rejiminə qarşı kütləvi itaətsizliyi və birliyi idi.
Faciənin ertəsi günü, yanvarın 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış etdi. O, bu qırğını qanunsuzluq, demokratiyaya zidd və cinayət adlandıraraq, hadisənin təşkilatçılarının cəzalandırılmasını tələb etdi. Bu addım o dövrün şəraitində böyük cəsarət tələb edirdi və xalqa böyük ruh yüksəkliyi verdi.
Hadisəyə dövlət səviyyəsində tam hüquqi-siyasi qiymət isə yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra, 1994-cü ildə verildi.
20 Yanvar hadisələri sovet imperiyasının çöküşünü sürətləndirdi. Azərbaycan xalqı anladı ki, artıq bu rejim daxilində yaşamaq qeyri-mümkündür. 1990-cı ilin qanlı yanvarı milli mənlik şüurunun dirçəlişinə və 1991-ci il oktyabrın 18-də müstəqilliyin bərpasına aparan yolun başlanğıcı oldu.
Bu gün paytaxtın ən uca nöqtəsində yerləşən Şəhidlər Xiyabanı azadlıq mücadiləmizin müqəddəs and yeridir. Hər il yanvarın 20-də Azərbaycan xalqı öz şəhidlərini böyük ehtiramla yad edir və bu tarix unudulmaz bir dərs kimi nəsildən-nəslə ötürülür.
Şəhidlərimizin ruhu şad olsun!
Cahangir Məmmədli
YAP Naxçıvan şəhər təşkilatı