1990-cı ilin 20 Yanvar günü Azərbaycan xalqının tarixinə həm dərin faciə, həm də milli qürur günü kimi həkk olunmuşdur. Bu gün ölkəmizin azadlıq və müstəqillik yolunda verdiyi ən ağır, eyni zamanda ən şərəfli qurbanların simvoludur. 20 Yanvar faciəsinin üzərindən 36 il keçməsinə baxmayaraq, həmin gecənin ağrısı xalqımızın yaddaşından silinmir, şəhidlərimizin xatirəsi daim ehtiramla anılır.
1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi böhran, mərkəzi hakimiyyətin zəifləməsi və milli azadlıq hərəkatlarının güclənməsi Azərbaycanda da xalqın öz taleyinə sahib çıxmaq istəyini daha da artırmışdı. Azərbaycan xalqı müstəqillik, ədalət və suverenlik tələbləri ilə meydanlara çıxırdı. Lakin sovet rəhbərliyi bu haqlı tələbləri sülh yolu ilə deyil, hərbi güc tətbiq etməklə boğmağa qərar verdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Respublikanın bir sıra bölgələrinə sovet ordusunun ağır texnikası yeridildi.
Həmin gecə dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törədildi. Tanklar və zirehli maşınlar küçələrə çıxan, heç bir silahı olmayan insanları əzdi, atəşə tutdu. Rəsmi məlumatlara görə, 20 Yanvar hadisələri nəticəsində 130-dan çox insan şəhid oldu, yüzlərlə insan yaralandı, çox sayda vətəndaş qanunsuz həbs edildi. Qadınlar, uşaqlar, yaşlılar – heç kim bu qanlı əməliyyatdan kənarda qalmadı. Bu, təkcə insanlara qarşı deyil, bütövlükdə Azərbaycan xalqının iradəsinə qarşı törədilmiş ağır bir cinayət idi.
20 Yanvar faciəsi eyni zamanda xalqımızın sarsılmaz iradəsini, azadlıq əzmini nümayiş etdirdi. Qan tökülməsinə baxmayaraq, Azərbaycan xalqı mübarizəsindən geri çəkilmədi. Əksinə, bu faciə müstəqillik yolunda dönüş nöqtəsinə çevrildi. Şəhidlərin qanı Azərbaycanın azadlıq mübarizəsini daha da gücləndirdi və 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına aparan yolu sürətləndirdi.
Ümummilli Lider Heydər Əliyev 20 Yanvar hadisələrinə ilk gündən siyasi və hüquqi qiymət verən tarixi şəxsiyyət olmuşdur. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti açıq şəkildə pisləmiş, günahsız insanların qətlə yetirilməsini insanlığa qarşı cinayət adlandırmışdır. Məhz onun təşəbbüsü ilə sonradan 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir.
Bu gün 20 Yanvar şəhidləri Azərbaycan xalqının azadlıq rəmzləridir. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanını ziyarət edərək qəhrəmanların xatirəsini dərin ehtiramla yad edir. Bu, təkcə bir anım mərasimi deyil, həm də gələcək nəsillərə tarixin unudulmaması, müstəqilliyin hansı qanlar bahasına əldə edildiyini xatırlatmaqdır.
20 Yanvar faciəsinin 36-cı ildönümündə biz bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir, onların müqəddəs xatirəsini ehtiramla anırıq. Bu faciə heç vaxt unudulmayacaq, Azərbaycan xalqının azadlıq salnaməsində əbədi yaşayacaqdır. Şəhidlərimizin qanı ilə yazılan müstəqilliyimiz bu gün də qorunur və gələcək nəsillərə əmanət olaraq ötürülür.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini