PDF Oxu

Siyasət

  • 1 385

20 Yanvar- Azərbaycan xalqının qəhrəmanlıq və şərəf tarixi - ŞƏRH

image

1990-cı il yanvarın 20-si Azərbaycan xalqının azadlıq, müstəqillik və milli ləyaqət uğrunda apardığı mübarizənin qanla yazılmış, lakin qürurla xatırlanan səhifəsidir. Bu tarix təkcə faciə deyil, eyni zamanda xalqımızın sarsılmaz iradəsinin, vətənə bağlılığının və azadlıq eşqinin parlaq təzahürüdür. 20 Yanvar hadisələri Azərbaycan tarixində milli oyanışın, siyasi şüurun formalaşmasının və müstəqillik yolunda qətiyyətli mövqenin simvoluna çevrilmişdir.

Sovet imperiyasının süqutu ərəfəsində Azərbaycan xalqı öz haqq səsini ucaltdığı bir vaxtda, totalitar rejim dinc əhaliyə qarşı misli görünməmiş hərbi zorakılıq tətbiq etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilən sovet qoşunları yüzlərlə günahsız insanın həyatına son qoydu, minlərlə vətəndaş yaralandı. Qadın, uşaq, yaşlı demədən həyata keçirilən bu qanlı əməliyyat insanlığa qarşı törədilmiş ağır cinayət idi.

20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini qıra bilmədi. Əksinə, bu hadisə xalqın azadlıq əzmini daha da gücləndirdi, milli həmrəyliyi möhkəmləndirdi. Şəhidlərimizin qanı müstəqil Azərbaycan dövlətinin təməlində əbədi iz qoydu. Onlar canlarını fəda etməklə sübut etdilər ki, azərbaycanlılar öz azadlığından, suverenliyindən və milli kimliyindən heç vaxt vaz keçməyəcək.

Bu faciəyə ilk dəfə açıq və cəsarətli siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev vermişdir. Hələ 1990-cı ilin yanvarında Moskvada sovet rəhbərliyinin siyasətini kəskin şəkildə pisləyən Ulu Öndər bu qanlı hadisəni Azərbaycan xalqına qarşı törədilmiş cinayət kimi dəyərləndirmişdir. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam və obyektiv qiymət verilmiş, şəhidlərimizin xatirəsi uca tutulmuşdur.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin ideallarına sadiq qalaraq güclü, suveren və qalib ölkə kimi inkişaf edir. Dövlətimiz şəhid ailələrinə və qazilərə daim xüsusi diqqət və qayğı göstərir.

20 Yanvar faciəsi gənc nəsil üçün vətənpərvərlik, cəsarət və məsuliyyət dərsidir. Tarixi unutmaq gələcəyi itirmək deməkdir.Biz 20 Yanvar şəhidlərini dərin ehtiramla anırıq. Onların xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Vəli Sərxanlı

YAP Culfa rayon təşkilatının fəalı

Digər xəbərlər