Bu gün Azərbaycan uğurla inkişaf edir. Hər bir sahədə müsbət nəticələr, uğurlar müşahidə olunur. Dünyanın əksər ölkələri Azərbaycanla əlaqələr qurmağa, münasibətləri inkişaf etdirməyə can atır. Bu baxımdan ölkəmiz dünyanın ən aparıcı, nüfuzlu dövlətlərdən hesab olunur. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə, konfranslarda hər bir çıxışı beynəlxalq ictimaiyyətin, aparıcı media orqanlarının diqqət çəkdikləri əsas məsələlərdən olur. Yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasda aparıcının əsasən Prezident İlham Əliyevlə müzakirələr qurması, Onun fikirlərinə daha çox yer verməsi beynəlxalq ictimaiyyətin ölkəmizin liderinin fikirlərinə böyük maraq göstərdiyini nümayiş etdirdi.
Moderatorun “Hazırda Siz gələcəyi necə görürsünüz? Gələcəkdə bizi nə gözləyir?” sualına Prezident İlham Əliyev müdirik cavab verdi: “Ötən ilin avqustunda hər iki tərəf sülh sazişini paraflamaqla və beləliklə, üç onillikdən artıq çəkən müharibə və qantökməyə son qoymaqla tarixi nailiyyət əldə etdi. Həmin sülh sazişinin əhəmiyyəti ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Beləliklə, bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz. Paraflanmış sənəd bu gün praktiki nəticələrə çevrilir. Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı”.
“Cənab Prezident İlham Əliyevə minnətdaram, görülən işləri təqdir edirik”
Prezident İlham Əliyev onu da qeyd etdi ki, iki və ya üç il əvvəl belə addımı tamamilə təsəvvür etmək olmazdı: “Lakin bu gün o, artıq reallıqdır. Düşünürəm ki, heç nə bu prosesə müdaxilə edə bilməz. Fikrimcə, əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək. Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir”.
Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan Azərbaycan Prezidenti İlham Əliyevin "gələcək bizdən asılıdır" fikri ilə tam razı olduğunu söyləyib: “Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, biz siyasi qətiyyəti sülh üçün nümayiş etdirdik ki, artıq bundan sonra əməli tədbirlər sülhü sübut etsin, təsdiq etsin. Biz 30 ildir bunu görməmişdik. Amma indi isə biz sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Bu isə həqiqətən də inanılmaz hadisədir".
Vaaqn Xaçaturyan Azərbaycandan Ermənistana Gürcüstan ərazisi ilə malların nəql edildiyini bildirdi. Qeyd etdi ki, bu yüklərin birbaşa olaraq iki ölkənin ərazisindən keçəcəyinə əmindir: “Cənab Prezident İlham Əliyevə minnətdaram, görülən işləri təqdir edirik. Bu gün və yaxud dünən idi səhv etmirəmsə, Prezident Əliyev qeyd etdi ki, biz sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrənməliyik. İnandırım ki, bizim üçün adi vəziyyət deyil, çünki bu sənədlər imzalanmamışdan əvvəl buna öyrəşməmişdik. Hər gün oyanırdıq ki, sərhəddə görəsən nələr baş verib, atışmalar davam edirmi? Bu, bizim üçün hər zaman stres idi. İndi isə mən sizi bir daha əmin etmək istəyirəm ki, biz bu keçmişimizi unudub, gərək artıq konkret layihələr həyata keçirək. Biz uğur qazanacağıq, inanırıq. Bizim sazişlərimiz çox konkret prinsiplərə əsaslanıb. Bəli, ölkə olaraq biz bir-birimizin ərazi bütövlüyünə, suverenliyinə, yurisdiksiyalarına hörmət edirik, bunlar rəhbər prinsiplərdir. Bəli, sərhədlərimiz bir gün açılacaq və sadəcə, bir neçə il bundan əvvəl siyasi iradə bu səviyyədə deyildi. Eləcə də sıravi işgüzar səfərlər olacaq. Sıravi vətəndaşlarımız sərhədləri rahat keçərək münasibətlər quracaqlar. Biz bu fürsətlərdən faydalanacağıq və bu əməkdaşlıq nəticəsində Cənubi Qafqaz bütün dünya üçün çox əlverişli regiona çevriləcək".
Sülh müqaviləsinin imzalanacağına əminlik var
V.Xaçaturyan iki ölkə arasında sülhün olacağına əminliyini bildirib: “Azərbaycan Prezidenti cənab Əliyevə təşəkkür edirəm və bizim Baş nazirimizə də təşəkkürümü bildirməliyəm. Hər iki rəhbərə nümayiş etdirdikləri siyasi iradəyə görə minnətdaram”.
Moderatorun parçalanan və həssas qlobal mənzərədə Avrasiyanı necə görürsünüz? Sualına isə Prezident Əliyev belə cavab verib: “Avrasiya çox böyük bir coğrafi məkandır. Biz öz regionumuzu, bilavasitə qonşularımızı düşünürük. Şadam ki, müstəqillik illərində biz bütün qonşularımızla çox yaxın işgüzar münasibətlər qura bilmişik. Burada istisna Ermənistandır və bunun səbəbləri hər kəsə məlumdur. Lakin de-fakto sülh bərqərar olduğu üçün biz iqtisadi əməkdaşlığa və ixrac əməliyyatlarına başlamışıq. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bizə artıq Ermənistandan Rusiyaya yüklərin nəql edilməsi ilə bağlı müraciət daxil olub. Yəni biz de-fakto birtərəfli qaydada dəhlizləri açdıq. Bəli, bu gün bu daşımalar Gürcüstan vasitəsilə həyata keçirilir. Ancaq bir gün bu, Ermənistan ərazisindən həyata keçiriləcək. Bir gün Ermənistana məxsus yüklər birbaşa Azərbaycan vasitəsilə daşınacaq və həmin gün çox da uzaqda deyil.
“Biz regionda istədiyimizə nail ola bilmiriksə, qlobal məqsədlərdən söhbət gedə bilməz”
Prezident İlham Əliyev o fikri xüsusi olaraq vurğulayıb ki, qardaş ölkə olan Türkiyə ilə çox sıx müttəfiqlik münasibətləri qurmuşuq, Türkiyəyə nəhəng sərmayələr yatırmışıq: “Bizim Türkiyəyə sərmayələrimizin həcmi 20 milyard dollardan çoxdur. Hazırda biz Gürcüstana ən böyük sərmayə qoymuş ölkələr sırasındayıq. Gürcüstan ərazisindən keçən dəhlizlərlə yanaşı, Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilən və TRIPP adlanan bağlantı layihəsi Xəzər dənizindən keçərək Asiyadan Azərbaycana, Ermənistana, Azərbaycanın bir parçası olan Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan yeni bir nəqliyyat dəhlizi olacaqdır. Marşrutların çoxluğu istehlakçıların, təchizatçıların və tranzit ölkələrin xeyrinədir”.
Prezident İlham Əliyev qeyd edib ki, ölkə olaraq biz hər zaman diqqətimizi regional gündəliyimizə yönəldirik: “Biz regionda istədiyimizə nail ola bilmiriksə, qlobal məqsədlərdən söhbət gedə bilməz. Ancaq bu gün biz paralel şəkildə gedən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə yaxınlaşmasından bəhs edirik. Bu, mütləq paralel şəkildə və eyni vaxtda Türkiyə ilə Ermənistan və Azərbaycan ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə nəticələnəcək. Bununla da biz geniş coğrafi ərazidə, Avrasiyanın bir hissəsində bağlantı, enerji təhlükəsizliyi, sülh və sabitlik baxımından olduqca əhəmiyyətli addım atırıq. Bu, uzun illər davam edən müharibələrin əməkdaşlığa və tərəfdaşlığa çevrilməsinin nümunəsidir”.
Bütün bunlar bir daha onu təsdiq edir ki, əsas qoyulan siyasət Azərbaycana böyük uğurlar, nailiyyətlər gətirir. Bu uğurların davamlı olacağı isə şübhəsizdir.
İlham ƏLİYEV