“Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir”.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir: “Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır”.
Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda zəngin enerji ehtiyatlarına malik olan və bu ehtiyatları regionun digər ölkələrinə ixrac edən yeganə dövlətdir. Bu xüsusiyyət ölkənin regional və beynəlxalq miqyasda geosiyasi və geoiqtisadi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.
Hər hansı bir dövlətin beynəlxalq nüfuzu onun dünya birliyi qarşısında nümayiş etdirdiyi davranış modeli, digər beynəlxalq aktorlarla münasibətlərinin xarakteri, idarəetmə sisteminin sabitliyi və bütövlüyü, eləcə də siyasi liderliyinin strateji hədəflərə çatma üsulları ilə müəyyən olunur. Dövlətin nüfuzu müxtəlif komponentlərin məcmusu kimi formalaşır və müasir beynəlxalq münasibətlər sistemində bu nüfuzun əsas göstəricilərindən biri tərəfdaşlıq münasibətlərində etibarlılıq və ardıcıllıqdır.
Beynəlxalq siyasi proseslərdə yüksək hörmət və etimada malik olan dövlətlər, bir qayda olaraq, uzunmüddətli əməkdaşlıq baxımından hüquqi və praktiki risklər doğurmayan tərəfdaşlar kimi qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan məhz bu keyfiyyətlərə cavab verən, dünya birliyində etibarlı və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli siyasi əməkdaşlıq formatlarında formalaşdırdığı etibarlı tərəfdaş imici onun beynəlxalq arenada fərqləndirici xüsusiyyətlərindən biridir.
Azərbaycan müasir qlobal çağırışların müzakirəsində fəal iştirak edən, eyni zamanda bu problemlərin həllinə real töhfələr verən dövlət kimi çıxış edir. Mehriban qonşuluq prinsiplərinə, sülhə və əməkdaşlığa əsaslanan çoxvektorlu xarici siyasət xətti respublikamızın beynəlxalq aləmdə formalaşmış əsas siyasi vizit kartıdır. Müstəqillik tarixi nisbətən qısa olsa da, Azərbaycan çağdaş dünyanın ən mühüm və taleyüklü proseslərində fəal mövqe tutur, öz milli maraqlarını qətiyyətlə ifadə edir.
Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malik yeganə ölkədir. Ölkənin təkcə regional deyil, həm də qlobal enerji sistemində mühüm aktora çevrilməsi, transmilli enerji bazarlarında mövqeyinin möhkəmlənməsi və Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməsi onun geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır.
Azərbaycanın enerji ehtiyatları milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafında həlledici rol oynayır, ümumi daxili məhsulun və əsas makroiqtisadi göstəricilərin formalaşmasında mühüm amil kimi çıxış edir. Mövcud təbii ehtiyatlardan və yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti regional geosiyasi reallıqlar fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından biridir.
Zəngin enerji resursları Azərbaycanın iqtisadi potensialını gücləndirməklə yanaşı, regional əməkdaşlığın inkişafında da mühüm rol oynayır. İstismara verilmiş beynəlxalq neft və qaz kəmərləri Azərbaycan enerji resurslarının dünya və Avropa bazarlarına çıxışını təmin etmişdir. Bu gün Azərbaycan qlobal miqyasda mühüm qaz ixracatçısı kimi tanınır. Nəqliyyat və enerji sektorlarında regional əməkdaşlıq təşəbbüslərinin genişləndirilməsi gələcəkdə daha böyük uğurların əldə olunmasına zəmin yaradır.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu yalnız təbii qaz ixracının artırılması ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda zəngin alternativ və bərpa olunan enerji potensialına malikdir. Günəşli iqlim şəraiti və Bakının “küləklər şəhəri” kimi tanınması Azərbaycanın enerji ixracı imkanlarını daha da genişləndirir.
Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə beynəlxalq marağı artırmaqla yanaşı, regional və qlobal əməkdaşlıq proseslərində onun aparıcı rolunun gələcəkdə də möhkəmlənəcəyini deməyə əsas verir. Avropa İttifaqının və region ölkələrinin enerji təhlükəsizliyi sistemində Azərbaycanın strateji əhəmiyyəti gündən-günə artır. Cənub Qaz Dəhlizinin reallaşdırılması və perspektivdə bir sıra ölkələrin təbii qazının Avropaya nəqlində Azərbaycanın tranzit ölkə funksiyasını yerinə yetirməsi respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində geostrateji əsas dövlətlərdən biri olduğunu bir daha sübut edir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini